Azərbaycanın ən böyük pambıqçılıq və tekstil istehsalçısı olan “GP Cotton Holdings”ə daxil olan GiLTEX COP29 çərçivəsində Mavi Zonadakı Azərbaycan pavilyonunda “Suyun səmərəli istifadəsi” adlı tədbir keçirib.
Tədbirdə dayanıqlı su idarəetmə üsullarının iqlim dəyişikliyinə qarşı mübarizə və kənd təsərrüfatı məhsuldarlığının artırılmasındakı əhəmiyyəti barədə danışılıb. İştirakçılar Azərbaycan və digər ölkələrdən ən yaxşı təcrübələri və uğurlu nümunələri öyrənmək imkanı qazanıblar. Müzakirələrdə qlobal miqyasda tətbiq edilə bilən səmərəli su idarəetmə üsullarını mənimsəmənin vacibliyi önə çəkilib.
GiLTEX-in baş icraçı direktoru Kamran Aqasi şirkətin strategiyasında dayanıqlılığın rolundan bəhs edib. O deyib ki, GiLTEX-də dayanıqlılıq, sadəcə, bir məqsəd deyil, həm də şirkətin strategiyasının əsasıdır: “Biz tekstil istehsalında suyun təkrar istifadəsinə imkan verən yeni texnologiyaların tətbiqini planlaşdırırıq. Bu, ətraf mühitə təsirimizi azaltmaqla yanaşı, sənayemizdə bir standart yaratmağımıza xidmət edəcək. Belə tədbirlər yeniliklərin təşviqində və əməkdaşlıqların inkişafında mühüm rol oynayır, daha dayanıqlı bir gələcək üçün yol açır”.
“GP Cotton Holding”in sədri Con Yanq Simpson, pambıq istehsalında dayanıqlı təcrübələrin əhəmiyyətini vurğulayaraq bildirib ki, rəhbərlik etdiyi holdinqdə pambıq istehsalında daha az su istifadə etməyə və suvarma prosesini daha qısa müddətdə tamamlamağa imkan verən innovativ texnologiyalar tətbiq olunur. Onun sözlərinə görə, bu addımlar yalnız məhsuldarlığı artırmır, həm də dəyişən dünyanın tələblərinə cavab verən dayanıqlı təcrübələrə olan bağlılığımızı əks etdirir.
Diqqətə çatdırılıb ki, tədbir müxtəlif sahələrin nümayəndələrinə ideya və təcrübə mübadiləsi üçün qiymətli platforma təqdim edərək sudan səmərəli istifadə sahəsində qlobal əməkdaşlığın təməlinin qoyulmasına xidmət göstərəcək.