Ölkəmizdə yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək. Həmin mərkəzlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin balansında fəaliyyət göstərəcək.
Abşeron və Hacıqabul rayonlarında tikiləcək əsas və ehtiyat data mərkəzlərində karbon emissiyalarını minimuma endirmək üçün bir sıra qabaqcıl texnologiya və metodlardan istifadə olunacaq. Ekoloji tarazlığın qorunması məqsədilə hər iki obyektdə enerji səmərəliliyi, sulardan səmərəli istifadə, tullantıların utilizasiyası və təbii soyutma sistemləri kimi innovativ yanaşmalar tətbiq ediləcək. Artıq hər iki mərkəzin inşası üçün dayanıqlılıq və etibarlılıq üzrə beynəlxalq keyfiyyət standartlarını müəyyən edən “TIER 3 Design” sertifikatı alınıb. Bununla yanaşı, “AzInTelecom” data mərkəzləri üçün infrastrukturun ekoloji cəhətdən dayanıqlılığını müəyyən edən “LEED v4” beynəlxalq sertifikatı üçün tələb olunan ilkin “LEED” hesabatına da yiyələnib.
Tikinti zamanı torpaq eroziyasını və suyun çirklənməsini minimuma endirmək, toz və kimyəvi təsirlərin, dolayı yolla havanın çirklənməsinin qarşısını almaq üçün ətraflı plan hazırlanıb. Data mərkəzlərində günəş enerjisindən istifadəni təmin etmək məqsədilə günəş panelləri quraşdırılacaq ki, bu da dolayı yolla karbon emissiyasının minimuma endirilməsinə imkan yaradacaq.
Yeri gəlmişkən, 2024-cü ildə BMT-nin Qlobal Sazişinə qoşulan “AzInTelecom” fəaliyyətini ekoloji idarəetmə prinsiplərinə uyğunlaşdırmağı, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və ekosistemə daha geniş dəstək verməyi, eləcə də texnoloji inkişaf və ekoloji məsuliyyət arasında tarazlığı qorumağı hədəfləyir.
Xatırladaq ki, “AzInTelecom” MMC Azərbaycanın ən böyük “bulud” provayderi, Cənubi Qafqazda isə “TIER 3” sertifikatını alan ilk qurumdur. Şirkət hazırda 200-dən çox dövlət qurumu və özəl təşkilata “bulud” xidmətləri göstərir.
XQ