Azərbaycan iqlim konfransına mükəmməllik və işgüzarlıq gətirib

post-img

COP29 təkcə Azərbaycanın diqqət mərkəzində deyil. Beynəlxalq ictimaiyyət də qlobal iqlim problemlərinin müzakirəsində fəal iştirak edir. Yaşıl dünyamızın taleyinə biganə qalmayan hər bir şəxs Bakıda keçirilən müzakirələri izləyir, bu möhtəşəm tədbirin əhəmiyyətini xüsusi vurğulayır. Paytaxtımızın küçələrində əcnəbilərin fikirlərini öyrənən XQ-nin əməkdaşları da buna əmin olublar.

Amsterdamlı tələbə Rogier Kratz süni intellekt ixtisası üzrə təhsil alır. Bizimlə söhbətində bildirdi ki, gələcəyimiz olan gənc nəsil təbiətə münasibətdə ayıq-sayıq olmalıdır:

– Planetin sabahının necə olacağı bizdən asılıdır. 3 gün COP29-da iştirak etdim. İqlim dəyişikliyi haqqında mövzular hər birimiz üçün maraqlı olmalıdır. Bəşəriyyətin üzləşdiyi ekoloji problemlərin yaranma, yayılma tarixi, təzahür formaları və bu problemlərlə mübarizə yollarını öyrənməliyik. Ətraf mühitin mühafizəsi, qlobal ekoloji, ərzaq, enerji və xammal problemləri həll edilməlidir. İqlim böhranının, çirklənmənin insan orqanizminə və planetimizin gələcəyinə təsiri bu gün geniş müzakirə mövzusu olmalıdır. Çirklənmə sağlamlıq böhranı kimi ağciyərlərimizə, ürəyimizə, beynimizə təsir edir. Bir çox ölkələrdə insanlar su çatışmazlığı, iqlim böhranı, havanın temperaturunun həddindən artıq yüksək olmasından əziyyət çəkirlər. Təcili olaraq bu problemlərin həllinə yönəlik tədbirlər görülməlidir.

Dünya dövlətləri rəqabət üstünlüyünə nail olmaq üçün süni intellektin potensialından geniş istifadə etməyə çalışırlar. Amma onu da nəzərə alaq ki, innovativ texnologiyaları tətbiq etməklə ətraf mühiti qorumaq mümkündür. Biz gənclər də bu gün üzərimizə düşən məsuliyyəti hiss edirik. Bu gün hər birimiz xalqımızı iqlim dəyişmələrinin və iqlim böhranlarının fəsadlarından müdafiə etməyə çalışmalıyıq.

Pakistanlı İmran Mohammed dostları Vokas Qasım və Amir Avanla Azərbaycana səfər ediblər. Artıq 5 gündür Bakıdadırlar. Deyir ki, Bakının havası sakit, təbiəti mülayimdir:

– Bakı küləklər şəhəridir. Düşünürdüm kü, möhkəm külək olacaq və şəhərdə necə gəzəcəyik? Burada təbiət o qədər sakitdir ki... Əsl gəzməli havadır. Vaxtımız çox səmərəli keçir. Parklarda, xiyabanlarda vaxt keçirməyi xoşlayırıq. Dağüstü Park çox maraqlı yerdir. Eləcə də, Dənizkənarı Bulvar çox xoşumuza gəldi. Tarix muzeyində olduq. Bakı beynəlmiləl şəhərdir. Bu, yeməklərdən də aydın görünür. Burada Pakistan yeməklərini də yaxşı hazırlayırlar. Elə bizdəki kimi... Dostlarımla yenidən Bakıya səfər etməyi düşünürük. Növbəti dəfə bayramların birində gələcəyik.

Ümumiyyətlə, Pakistan və Azərbaycan arasında sıx dostluq və qardaşlıq əlaqələri var. Qardaş Azərbaycanın beynəlxalq aləmdə son vaxtlar nüfuzu xeyli artması bizi də çox sevindirir.

Ölkənizdə ətraf mühit məsələlərinə yetərincə diqqətlə yanaşılır. Bəşəriyyəti iqlimlə bağlı gözləyən fəlakətin qarşısını almaq üçün böyük işlər görmək lazımdır. COP29 konfransının tarixdə ən effektiv qlobal iqlim sammiti olacağına böyük inam var.

Hindistandan gələn tələbə Şannan Sünik Azərbaycanın onu yaxşı mənada təəccübləndirdiyini dedi:

– Artıq bir həftədir ki, buradayam. Bakının yeni tikililəri, “göydələnlər” xüsusilə diqqətimi cəlb etdi. Öyrəndim ki, şəhər son 20 ildə öz simasını büsbütün dəyişib. “Köhnə şəhər”də qədimliklə müasirliyin vəhdəti insanı heyran edir.

COP29-la bağlı onu deməliyəm ki, ölkənizdə böyük uğurla keçirilir. Dünya ölkələri iqlim böhranının həllinə yönəlik məsələləri müzakirə edirlər. Resursların səfərbər edilməsi, qlobal istiləşməni məhdudlaşdırılması üçün qətiyyətli tədbirlər görmək çox vacibdir. Bu gün hamı üçün daha dayanıqlı və davamlı gələcək qurmaq üçün güclü siyasi iradə nümayiş etdirilməlidir. Azərbaycana bu mühüm tədbirin təşkilində böyük uğurlar arzulayırıq.

Fahad Khaja Naseer pakistanlıdır. Bakıya turist kimi gəlib:

– Turizm sahəsində çalışan mütəxəssis kimi deyə bilərəm ki, biz Azərbaycanı cazibədar ölkə olaraq qəbul edirik. Bu ölkə zəngin tarixi, mədəniyyəti, təbii gözəllikləri və qonaqpərvərliyi ilə həmişə bizi cəlb edib. Bakı müasir və tarixi elementləri özündə birləşdirir. “Flame Towers”, Heydər Əliyev Mərkəzi və Bakı Bulvarı kimi müasir arxitektura nümunələri, həmçinin İçərişəhər, “Qız Qalası” və Şirvanşahlar Sarayı kimi tarixi yerlər vizual və mədəni zənginlik təqdim edir. Plov, kabab, dolma və qutab kimi yeməkləriniz diqqətimi çəkir. Şəhərlərdə və turistik bölgələrdə yüksək səviyyədə xidmət göstərilir. Hazırda Bakı böyük bir konfransa evsahibliyi edir. Təbii mühit – insanın həyatı üçün əvəzedilməz şərtlərdəndir. Ona görə hər bir ölkə iqlim dəyişikliyi ilə mübarizə aparmalıdır.

Seneqallı Fatou Mbov Bakıda olmaqdan çox məmnun qaldığını dedi. O qeyd etdi ki, COP29 tədbirini yüksək səviyyədə təşkil edən Azərbaycan beynəlxalq aləmdə diqqət mərkəzindədir. Bu cür mötəbər və əhəmiyyətli konfrans ekoloji şüurun artırılması, dayanıqlı turizm, iqlim dəyişikliyi ilə mübarizə və yaşıl iqtisadiyyat kimi məsələləri ön plana çəkir. Dünyada insanlar ekoloji problemlərlə üzləşir və bunların qarşısı alınmazsa, böyük fəlakətlər baş verə bilər. COP29-da qəbul ediləcək qərarlar müxtəlif istiqamətdə ekologiyanın bərpa olunmasına böyük töhfə verəcək. Ölkəniz haqqında onu deyə bilərəm ki, qonaqpərvərsiniz. Milli mətbəx çox zəngindir.

Daha bir pakistanlı qonaq Abdul Khader də ətraf mühitin qorunması qayğılarının müasir dünyanı çox narahat etdiyini dilə gətirdi:

– Bu günlər Bakıda keçirilən COP29-da çox mühüm məsələlər müzakirə edilir. İnsanlar təbiətin qanunlarını dərk etməli, baş verə biləcək bir çox dəyişiklikləri qabaqcadan müəyyənləşdirməyi bacarmalıdırlar. Bəşəriyyət üçün müdhiş təhlükəyə çevrilən ekoloji böhrana qarşı hər birimiz mübarizə aparmalıyıq.

Bakıda olduğumuz günlər şəhərinizlə yaxından tanış olduq. Azərbaycan çox qədim tarixə sahib və müxtəlif mədəniyyətlərin bir arada cəmləşdiyi ölkədir. Azərbaycanın təhlükəsizliyini və rahatlığını yüksək qiymətləndirirəm. Turistlər burada özlərini təhlükəsiz hiss edirlər. Burada qiymətlər, xüsusilə Avropaya və digər qonşu ölkələrə nisbətən daha sərfəlidir. Məhz irimiqyaslı tədbirlər belə ölkələrdə keçirilməlidir.

Leyla QURBANOVA,
Rizvan FİKRƏTOĞLU,
Vüsalə ƏLİYEVA,
Cavid QAÇAYEV (foto)
XQ











Ekologiya