Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində keçirilən Liderlərin Sammitində çıxışı zamanı bu gün Xəzər dənizinin təhlükə altında olduğunu, dünyanın bu ən böyük gölünün xilası hamımızın ümumi probleminə çevrildiyini və uzunmüddətli beynəlxalq əməkdaşlıq tələb etdiyini vurğulayıb.
Kasım-Jomart Tokayev deyib: “Biz Prezident İlham Əliyevin Xəzəryanı ölkələrin Ekspertlər Qrupunun yaradılması təşəbbüsünü dəstəkləyirik. Bununla yanaşı, Qazaxıstan Aral dənizinin qorunması üçün konkret addımlar atır”.
Dövlət başçısı Qazaxıstanın qlobal iqlim gündəliyinə sadiqliyini təsdiqləyib və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb. Kasım-Jomart Tokayev sammitin təşkilinə və Azərbaycanın COP29-da uğurlu sədrliyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Qazaxıstan Respublikasının Prezidenti öz ölkəsinin ədalətli, əhatəli və şəffaf iqlim gündəliyinin yaradılmasına yönəlmiş çoxtərəfli səylərə qətiyyətlə sadiq olduğunu bir daha xatırladıb, həmçinin beynəlxalq tərəfdaşlarla gələcək əməkdaşlığa hazır olduğunu təsdiqləyib.