COP29 dünya mediasının baş mövzusudur

post-img

Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Lliderlər Sammitinin açılış mərasimi və Prezident Rəcəb Tayyib Ərdoğanın qlobal müzakirələrdə iştirakı Türkiyə mediasında mərkəzi mövzulardan biri olaraq qalır. Türkiyədəki telekanalların, qəzetlərin və xəbər qaynaqlarının gündəmi məhz bu məsələlərə həsr olunub.

“Haber Global”

Qardaş ölkənin media resursları Azərbaycan Prezidenti İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılışındakı nitqi barədə ictimaiyyətə məlumat verib, sammitin gündəliyindən və Türkiyə Respublikasının liderinin səfər proqramından danışıb. “HaberGlobal” telekanalı tamaşaçıların diqqətini COP29 ilə bağlı Azərbaycana qarşı aparılan dezinformasiya və yalan kampaniyasına cəlb edib.

Telekanal Prezident İlham Əliyevin Azərbaycan iqlim sammitinin təşkilatçısı seçilən kimi respublikaya qarşı mütəşəkkil və razılaşdırılmış böhtan kampaniyasına başlanılması barədə fikirlərini efirə verib.

Azərbaycanın dövlət başçısı deyib ki, özlərini müstəqil adlandıran bəzi QHT-lər və siyasətçilər sanki Azərbaycan haqqında daha çox yalan və dezinformasiya yaymaq üçün bir-biri ilə rəqabət aparırlar.

Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinin bərpası istiqamətində göstərdiyi səylərə, o cümlədən respublikanın bu hissəsində “yaşıl” layihələrin həyata keçirilməsinə də diqqət yönəldilib. Tamaşaçılara ölkəmizin iştirakı ilə həyata keçirilən, Avrasiyada enerji və nəqliyyat marşrutlarını dəyişdirən meqalayihələr barədə məlumat verilib.

Qardaş ölkənin media strukturları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın COP29 çərçivəsində proqramından danışıb, onun Bakıda keçiriləcək iqlim sammitində planlaşdırılan çıxışı barədə məlumat veriblər.

Qlobal müzakirələrin davam etdiyi Bakı Olimpiya Stadionunun ərazisində Türkiyə dövlətinin başçısının tədbirlərdə iştirakını əks etdirən şəkillər və videogörüntülər yayımlanıb.

Türkiyənin ekoloji sahədəki səylərinin uğurlu nümunəsi kimi Türkiyə liderinin xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən “Sıfır Tullantı” təşəbbüsündən də bəhs edilib.

“Əş-Şərq Əl-Ausət”

Səudiyyə Ərəbistanının Londonda nəşr olunan “Əş-Şərq Əl-Ausət” qəzetində “COP29-un müəyyən edilmiş Prezidenti: Biz ədalətli iqlim ambisiyaları və davamlı maliyyələşdirməni hədəfləyirik... və Səudiyyə Ərəbistanının səylərini yüksək qiymətləndiririk” başlıqlı məqalə dərc olunub. Məqalədə vurğulanıb ki, COP29-un Prezidenti Muxtar Babayev ambisiyaları artırmaq, 1,5 dərəcə hədəfinə nail olmaq və iqlim dəyişmələrinə qarşı fəaliyyətə imkan yaratmaq üçün konfransın aydın baxışa malik olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan rəsmisi Səudiyyə Ərəbistanının kritik iqlim problemlərinin həllində səylərini yüksək qiymətləndirib.

Qeyd olunub ki, Azərbaycan noyabrın 22-dək davam edəcək COP29 konfransına evsahibliyi edir və burada əsas prioritet iqlimin maliyyələşdirilməsi üçün yeni hədəfin razılaşdırılması olacaq.

“Ər-Riyad”

Səudiyyə Ərəbistanının nüfuzlu “Ər-Riyad” qəzeti isə oxucularını Almaniyanın xarici işlər naziri Annalena Berbokun açıqlamaları ilə tanış edib. Qəzetin “Dünya liderləri COP29 konfransında toplanırlar” başlıqlı məqaləsində BMT-nin illik iqlim konfransının inkişaf etməkdə olan ölkələrə istixana qazlarının emissiyalarını azaltmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün yeni maliyyə yardımının hədəflənməsi ilə yekunlaşmalı olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, yeni hədəf 2009-cu ildə qarşıya qoyulan və 2022-ci ildə çətinliklə reallaşdırılan yüz milyard dollarlıq hədəfi əvəz edəcək.

Məqalədə Bakıda qəbul ediləcək qərarların iqlim dəyişikliyi ilə mübarizəyə və 1.5°C həddinə riayət olunmasına əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyi bildirilib. Qeyd olunub ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok qlobal istiləşmə nəticəsində yaranan ciddi təhlükələr barədə xəbərdarlıq edib.

 





Ekologiya