Bakı Limanında intermodal yük terminalı yaradılır

post-img

COP29 çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov, “Qazaxıstan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev və “Xi’an Free Trade Port Consruction and Operation Co Ltd”nin Baş direktoru Yuan Xiaojun liman ərazisində yeni intermodal yük terminalının inşası üçün müəssisənin yaradılmasına dair saziş imzalayıblar. İmzalanma mərasimində Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov və Qazaxıstanın “Samruk-Kazyna” fondunun idarə heyətinin sədri Nurlan Jakupov da iştirak ediblər.

Sazişin məqsədi Ələt qəsəbəsində yerləşən Bakı Limanında yükaşırma həcminin artırılması və inkişafı məqsədilə ilk dəfə yeni intermodal yük terminalının tikintisinin həyata keçirilməsindən ibarətdir. Layihə çərçivəsində Bakı Limanının ərazisində 40 hektarlıq sahədə terminal infrastrukturunun yaradılması və inkişafı nəzərdə tutulur.

Xatırladaq ki, Bakı Limanının geniş infrastruktur imkanları, Qazaxıstan Dəmir Yollarının, bütövlükdə, Orta Dəhliz üzrə xidmətlərin göstərilməsindəki mühüm əhəmiyyəti, eləcə də “Xi'an Free Trade Port” şirkətinin Çin – Avropa marşrutu üzrə konteyner qatarlarının təşkili və göndərilməsindəki sürəti nəzərə alınsa, bu sazişin hər üç ölkə üçün böyük logistik əhəmiyyət daşıdığını söyləmək olar. Sazişin digər bir üstünlüyü isə Çin – Avropa marşrutu üzrə Orta Dəhlizlə göndərilən konteyner qatarlarının həcminin müntəzəm artımı, boşaldılma vaxtının azaldılması, daşımaların dəyərinin aşağı salınması, yenidən yükləmə vaxtının minimumlaşdırılması və yük daşımalarının həcminin sabit artmasından ibarətdir.

Ekologiya