Dünya COP 29-dan təsirli qərarlar gözləyir

post-img

İqlim dəyişmələrinin törətdiyi nəticələr insanların yaşam tərzinə mənfi təsirini göstərməklə bütün dünyanı daha çox narahat edir və qlobal səylərin vacibliyini aktuallaşdırır. 1992-ci ildə Rio-de-Janeyroda BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında 154 dövlət tərəfindən insanların iqlim sisteminə təhlükəli müdaxiləsi ilə mübarizə aparmaq üçün “İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası” imzalanıb. Konvensiyanın ali qərar qəbuledici orqanı olan Tərəflər Konfransı (COP) iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişi qiymətləndirmək üçün hər il toplanır. 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanın evsahibliyi ilə keçirilməsi ölkəmiz adına həm qürurverici, həm də qlobal əhəmiyyət daşıdığından tarixi bir hadisədir.

Yer kürəsində yaşayan hər bir insan kimi, bu gün bizim qarşımızda duran əsas vəzifələrdən biri iqlim dəyişmələrinə səbəb olan amilləri aradan qaldırmaq və gələcək nəsillərə sağlam ətraf mühit ötürməkdir. Ona görə də Bakıda keçirilən bu beynəlxalq platforma həmı üçün bir fürsətdir. Nə qədər imkanımız və vaxtımız var istifadə etməliyik ki, iqlim problemlərinin həll edilməsi istiqamətində daha çox iş görülsün.

Bu baxımdan qərara gəldik ki, COP29-da iştirak edən, eyni zamanda, şəhərimizin qonaqları olan konfrans nümayəndələrinin təəssüratlarını, gələcəklə bağlı fikirlərini oxuculara çatdıraq.

Müsahibimiz Cənubi Afrika Respublikasından olan iqlim müdafiəçisi Nokulunga Memela Bakıda COP29-un açılış günündə təqdimat keçirdiklərini bildirdi. Dedi ki, bu təqdimat zamanı öz istəklərini aydın ifadə ediblər. Onun əsas ümidi odur ki, qlobal istiləşməyə qarşı tez bir zamanda təsirli addımlar atılsın: "İndiyə qədər götürülmüş öhdəliklərin az qismi həyata keçirilib. Əlbəttə gözləntilərimiz var. Afrikadan gəlmiş nümayəndə heyətimiz tam bir komanda olaraq çalışır. İqlim dəyişikliyi bütün dünyada olduğu kimi, Afrikada da ətraf mühitə, yaşayışımıza, təbiətimizə ciddi ziyan vurub. Məqsədimiz COP29 iqlim konfransında maliyyə məsələləri ilə yanaşı, qabaqcıl texnologiyaların təmin edilməsi, yaşıl enerji mənbələri və karbonsuzlaşdırma sahəsində inkişaf etmiş ölkələrin maksimum yardımına nail olmaqdır. Təəssüflə qeyd edim ki, iqlim fəaliyyəti üçün adekvat maliyyənin təmin edilməsi mühüm problem olaraq qalır. Bizim ölkəmiz aşağı karbonlu iqtisadiyyata ədalətli keçidə və qlobal emissiyaların azaldılmasına sadiqdir".

N.Memela Bakı şəhərinin memarlıq cəhətdən fərqləndiyini, burada müasirlik ilə qədimliyin vəhdət təşkil etdiyini bildirdi. Onu qeyd etdi ki, Azərbaycanda yaşayan insanlar öz doğma dilləri ilə yanaşı, daha çox xarici dil bilmələrinə üstünlük verirlər.

"Dünyada böyük çağırışlar var. Ümid edirik ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iqlim dəyişikliyi ilə mübarizə üçün daha çox maliyyə vəsaiti ayrılar". Bunu bizə müsahibəsində İspaniya nümayəndə heyətinin üzvü Maria Teresa söylədi. Dedi ki, iqlim dəyişikliyinə qarşı mübarizənin davamlı olması üçün ehtiyac duyulan qədər maliyyə vəsaiti ayrılması vacibdir. Gözləntilərim var bu tədbirdən. Ona görə ümidliyəm. Ümumiyyətlə, bu sahədə atılmış hər bir addım yaxşılığa doğru irəliləyişdir.

Filippindən gələn nümayəndə heyətinin üzvləri də şən təəssüratlarını çatdırdılar. Qeyd etdilər ki, Azərbaycanda möhtəşəm qonaqpərvərliyin şahidi olublar: “Bakı çox gözəl şəhərdir. Birinci dəfədir ki, burda oluruq. Təssüratlar çox gözəldir. Azərbaycanda keçirilən COP29 İqlim Konfransının təşkilatçılığı çox yüksək səviyyədədir. Bir çox öhdəliklərin götürülməsini gözləyirik. Yaşadığımız planetin iqlim dəyişikliyindən daha az təsirlənməsini istəyirik. Atmosferə atılan qaz emissiyalarının azaldılması, tullantıların idarə edilməsi, bərpaolunan enerji həlləri, ekoloji cəhətdən təmiz mobillik dünyamızın gələcəyini fikirləşən hər bir insanın arzusudur. Filippin iqlim dəyişikliyi baxımından bir sıra problemlərlə üzləşir. Ümid edirik ki, COP29 sadəcə sözlər, öhdəliklər deyil, həm də bütün insanların, ölkələrin iqlim dəyişikliyi ilə mübarizə çağırışlarına qoşulmaq üçün bir vasitə olacaq. Bu tədbirin əsaslı nəticələr verəcəyini düşünürük.”

"Bakıya ilk dəfədir ki, gəlirik. İştirak etdiyimiz COP29 tədbirində digər üzv dövlətlərin nümayəndə heyətlərinin aktivliyini gördük. Onlar öz ölkələrinin çağırışları barədə bizi məlumatlandırdılar”. Bu sözləri isə Çindən gələn nümayəndə heyətinin üzvləri bildirdilər. Əlavə etdilər ki, bu tədbir cari problemlərin, qarşıda duran risklərin və gələcəyi təmin etmək yollarının müzakirəsi üçün çox mühüm hadisədir. Bizim üçün ən aktual məsələlər isə iqlim dəyişikliyi fonunda müasir texnologiyalardan, o cümlədən, kosmik texnologiyalardan istifadə etmək, ümumi səylərlə fərqlilikləri aradan qaldırmaq və bəşəriyyət üçün ortaq taleyi olan icma yaratmaqdır.

Sonda onu da nəzərə çatdıraq ki, müsahiblərimiz Bakı şəhərinin gözəlliyini və xalqımızın qonaqpərvərliyini xüsusu olaraq qeyd edirdilər. Tədbirin təşkil olunmasını, logistikanın dəqiqliyini, yerləşməni yüksək qiymətləndirir və əlavə olaraq şəhəri gəzməyə həvəsli olduqlarını da bildirdilər.

İnanırıq ki, BMT-nin COP 29 Sammitinə sədrlik edən Azərbaycan iqlim dəyişmələrinə qarşı birgə mübarizədə beynəlxalq əməkdaşlığın reallaşdırılması üçün mühüm platforma rolunu oynayaraq etibarlı gələcəyimizə hesablanacaq qərarların qəbuluna ciddi töhfələr verəcəkdir.

Azər MUSTAFAYEV



Ekologiya