“Azercell”in konfransa telekommunikasiya dəstəyi

post-img

“Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti COP29-un rəsmi telekommunikasiya tərəfdaşı qismində çıxış edərək davamlı və dayanıqlı inkişafa, ətraf mühitin mühafizəsinə sadiqliyini bir daha nümayiş etdirir. COP29-la tərəfdaşlıq çərçivəsində şirkət dayanıqlılıq strategiyasını gücləndirməklə yanaşı, daha “yaşıl” gələcək üçün yeni əməkdaşlıqların qurulmasını hədəfləyir.

“Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova şirkətin cəmiyyət və ətraf mühit qarşısında üzərinə götürdüyü sosial məsuliyyəti vurğulayıb: “Azercell” Azərbaycanın lider mobil operatoru və ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biridir. Şirkət ölkə boyu tətbiq etdiyi ekoloji cəhətdən təmiz texnologiyalar və bərpaolunan enerji həlləri vasitəsilə ətraf mühitə təsirini minimuma endirməyə çalışır. İqlim dəyişikliyinə qarşı mübarizə səylərini dəstəkləməklə biz korporativ idarəetmədə yeni standartlar da müəyyən edirik. Birlikdə daha dayanıqlı və “yaşıl” gələcək üçün zəmin yarada biləcəyimizə inanıram”.

COP29 Azərbaycanın İdarə Heyətinin sədri Nərmin Carçalova “Azercell”in təcrübəsinin iqlim konfransının uğurla həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib: “Azercell” ölkəmizdə ən böyük bazar payına sahib mobil operator olaraq telekommunikasiya məkanında böyük nüfuza malikdir. Hər zaman respublikamıza innovativ texnoloji yenilikləri gətirən “Azercell” COP29-da sosialyönümlü layihələrini, xüsusilə də iqlim fəaliyyəti ilə bağlı gerçəkləşdirdiyi təşəbbüsləri nümayiş etdirmək imkanı əldə edəcək”.

“Azercell”in dayanıqlılıq siyasəti müxtəlif ekoloji təşəbbüslər vasitəsilə karbon emissiyalarının azaldılmasına, enerjidən istifadənin optimallaşdırılmasına, su və yanacaq səmərəliliyinin artırılmasına yönəlib. Şirkət 2017-ci ildən etibarən ölkə ərazisində günəş enerjisi ilə işləyən baza stansiyalarının tətbiqinə başlayıb.

Qeyd edilib ki, təkcə Qarabağda lider mobil operatorun 35 “yaşıl” baza stansiyası fəaliyyət göstərir və onların enerji tələbatının 60 faizi bərpaolunan enerji hesabına qarşılanır. Həmçinin “Azercell” bir sıra qlobal iqlim təşəbbüslərini də dəstəkləyir. Belə ki, BMT-nin Qlobal Sazişinə qoşulmaqla “Azercell” digər bazar iştirakçılarını da ətraf mühitlə bağlı səylərini gücləndirməyə təşviq edir.

Ekologiya