COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə iqlim dəyişikliyinə uyğunlaşma ilə bağlı fəaliyyətin bu gün artıq insan həyatını xilas etdiyini bildirib. O, qlobal istiləşmənin 1,5 dərəcə ilə məhdudlaşdırılacağı təqdirdə belə, hələ də bütün dünyada bu problemin ciddi nəticələri ilə mübarizə aparılmasının zəruri olduğunu vurğulayıb.
O qeyd edib ki, Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, Afrikanın cənub-şərq hissəsində ötən 10 il ərzində uyğunlaşma dəyəri ildə 50 milyard qiymətləndirilir. Uyğunlaşma üzrə maliyyə həcmi həyatın tələblərindən xeyli geri qalır: “COP29 Sədrliyinin ambisiyaları artırmaq və hərəkətə keçmək barədə planı var. Bu plan iqlim maliyyələşdirilməsi ilə Paris Sazişinin bütün istiqamətlərində əhəmiyyətli irəliləyişi təmin edəcək”.
COP29 prezidenti “Yaşıl” İqlim Fondunu qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində ölkələrə dəstəyi sürətləndirməyə çağıraraq bu məsələdə investisiyaların istiqamətləndirilməsinin də mühüm önəm daşıdığını diqqətə çatdırıb və yalnız bu yolla ölkələrin iqlim maliyyəsinin yaxşılaşacağına əminliyini deyib.