Beynəlxalq təşkilatlar ekoloji çağırışları dəstəkləyir

post-img

Son illərdə iqlim dəyişikliyi mövzusu ərzaq təhlükəsizliyi məsələləri ilə daha sıx əlaqələndirilir ki, bu da COP və BMT-nin Dünya Ərzaq Proqramı arasındakı əməkdaşlığın əhəmiyyətini şərtləndirir. Bu təşkilatların birgə səyləri aclıqla mübarizəyə və xüsusilə iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkən həssas regionlarda milyonlarla insanın həyat şəraitini yaxşılaşdırmağa yönəlib.

Uğurlu əməkdaşlığın parlaq nümunələrindən biri “Fəallar üçün ərzaq yardımı” proqramıdır. Bu təşəbbüs çərçivəsində iqlim risklərinə məruz qalan icmalarda dayanıqlı gəlir mənbələrinin yaradılması və ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması üçün qüvvələr birləşdirilir. Layihələri arasında deqradasiyaya uğramış torpaqların bərpası, suvarma sistemlərinin yaradılması və dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi də yer alır.

Uğurlu təşəbbüslərdən biri də “Ərzaq təhlükəsizliyi üçün iqlim adaptasiyası və dayanıqlılığı” proqramıdır. Bu proqram çərçivəsində iqlim dəyişikliyinə ən həssas olan ölkələrdə ərzaq sistemlərinin dayanıqlığını artıran adaptasiya tədbirləri hazırlanır və həyata keçirilir. Məsələn, Malavidə kənd təsərrüfatının uyğunlaşdırılması layihəsi çərçivəsində dayanıqlı kənd təsərrüfatı üsullarının tətbiqi və su təminatının yaxşılaşdırılması sayəsində məhsuldarlığı xeyli artırmaq və quraqlıq səbəbindən məhsul itkisi riskini azaltmaq mümkün olub.

COP-un əməkdaşlığı yalnız BMT-nin Dünya Ərzaq Proqramı ilə məhdudlaşmır. Belə ki, COP və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlıq dayanıqlı kənd təsərrüfatının təşviqi və iqlim dəyişikliyi şəraitində ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Tərəflər arasında əməkdaşlığın ən mühüm nümunələrindən biri iqlim dəyişikliyini nəzərə alan dayanıqlı kənd təsərrüfatını təşviq edən “İqlimə dayanıqlı kənd təsərrüfatı” təşəbbüsüdür. Proqram ekstremal hava şəraitinə qarşı dayanıqlığı artıran, su resurslarının idarə edilməsini yaxşılaşdıran və biomüxtəlifliyi qoruyan metodların tətbiqini əhatə edir. Nepalda bu təşəbbüs sayəsində fermerlər təsərrüfatlarını dəyişən iqlim şəraitinə uyğunlaşdıraraq məhsuldarlığı artırmağa və təbii fəlakətlərdən itkiləri azaltmağa müvəffəq olublar.

Bundan əlavə, “Qlobal torpaq tərəfdaşlığı” COP və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə səylərini birləşdirdiyi daha bir uğurlu təşəbbüsdür. Bu layihə ərzaq təhlükəsizliyini gerçəkləşdirən torpaq resurslarının mühafizəsi və bərpasına yönəlib. Ən müasir tenoloji sistem çərçivəsində torpaqların eroziyasının qarşısının alınması, onların məhsuldarlığının artırılması və torpaqlarda karbonun saxlanması kimi tədbirlər həyata keçirilib ki, bu da iqlim dəyişikliyinin təsirlərinin yumşalmasına kömək edib. Məsələn, Latın Amerikası ölkələrində torpaq idarəçiliyinin yaxşılaşdırılması məhsuldarlığın artmasına və istixana qazı emissiyalarının azalmasına gətirib çıxarıb.

COP-un Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu ilə əməkdaşlığı isə iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan kənd icmalarının yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlib. Bu baxımdan ən uğurlu təşəbbüslərdən biri COP-un dəstəyi ilə hazırlanan “Kiçik fermer təsərrüfatları üçün adaptasiya proqramı”dır. Bu proqram kiçik fermerlərə dəyişən iqlim şəraitinə uyğunlaşmağa kömək etmək məqsədi daşıyır. Məsələn, Nigerdə həmin proqram əsasında müasir aqromeşəçilik üsulları və suya qənaət sistemləri hesabına kənd təsərrüfatının quraqlığa davamlılığı xeyli yaxşılaşıb və məhsuldarlıq artıb.

Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu COP ilə birgə həyata keçirdiyi “Kənd yerləri üçün bərpaolunan enerji” layihəsini də kənd ərazilərində bərpaolunan enerji mənbələrinin inkişafına yönəldib. Nepalda bu təşəbbüs günəş panelləri və mini hidroelektrik stansiyaların tətbiqini reallaşdırıb, bu da uzaq kəndlərin enerji təminatını gerçəkləşdirib və kənd təsərrüfatının inkişafını sürətləndirib. Bərpaolunan enerji mənbələrindən istifadə, həmçinin istixana qazı emissiyalarını azaltmağa və yerli sakinlərin yaşayış şəraitini yaxşılaşdırmağa müsbət təsir göstərib.

COP konfranslarında indiyədək qəbul edilən bir sıra önəmli qərarların icrası da beynəlxalq təşkilatların diqqət mərkəzində olub. Məsələn, 1997-ci ildə keçirilən COP3-də “Çeviklik mexanizmi” adlandırılan qərarın reallaşdırılmasına xüsusi əhəmiyyət verilib və Kioto protokolu çərçivəsində 2008–2012-ci illər arasında istixana qazı emissiyalarının 1990-cı ilin səviyyəsindən 5 faiz aşağı salınması öhdəliyi götürülüb. 2006-cı ildə Nayrobidə keçirilən COP12-də inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə uyğunlaşma qabiliyyətlərini artırmaq üçün Nayrobi Adaptasiya Proqramı işə salınıb. COP15-də (Kopenhagen, 2009-cu il) isə qlobal istiləşmə səviyyəsinin 2°C-dən aşağı səviyyədə saxlanılması qərarı verilib.

Bütün bunlarla bərabər, Kankunda (COP16, 2010-cu il) inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinin nəticələrinin yumşaldılmasına və onlara uyğunlaşmalarına kömək etmək üçün “Yaşıl” İqlim Fondu təsis edilib. Durbanda keçirilən iqlim konfransında (COP17, 2011-ci il) isə bütün ölkələri əhatə edəcək yeni qlobal iqlim sazişinin hazırlanması üçün Durban Platforması qəbul olunub. Sonradan bu, 2015-ci ildə Paris Sazişinin qəbulunu şərtləndirib.

COP konfranslarında iqlim təşəbbüslərinin maliyyələşdirilməsi də diqqət mərkəzində saxlanılıb və bu məqsədlə hər il 100 milyard dollar toplanılması razılaşdırılıb. Yeri gəlmişkən, COP29 çərçivəsində maliyyələşmənin 150 milyard dollara qədər artırılması məsələsinin müzakirə ediləcəyi də nəzərdə tutulub.

 

Ekologiya