Qlobal iqlim konfransının Bakı Zirvəsi

post-img

Azərbaycan paytaxtı ekoloji fəlakətlə savaşa 14 əsas təşəbbüslə gedir

Katibliyi Bonnda yerləşən və 1995-ci ildə Berlin şəhərində ilk toplantısı keçirilən COP-un sonuncu–28-ci konfransı ötən il Dubayda reallaşıb. Yüz minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT tarixində ən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilən Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb.

Yeri gəlmişkən, COP-a evsahibliyi müəyyən qayda əsasında həyata keçirilir. Belə ki, evsahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvləri tərəfindən bu konfransı gerçəkləşdirəcək bir ölkəni seçmək üçün konsensusla qərar qəbul olunur. 2024-cü il COP29-a evsahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupu üzərinə düşüb. Həmin qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Respublikamızla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürüb.

Xatırladaq ki, 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi arasında aparılan birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyindən geri çəkilib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri çəkmək qərarına gəlib və beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu tərəfindən Azərbaycan 2024-cü ildə COP-a evsahibliyi edəcək ölkə kimi müəyyənləşdirilib. Rəsmi qərar isə dekabrın 12-də plenar iclas zamanı verilib.

Burada diqqətçəkən bir məqamı da xatırlatmaq istərdik. Yuxarıda vurğulandığı kimi, COP konfranslarının ev sahibi ölkələrinin müəyyənləşdirilməsi dövlətlərin BMT-də üzv olduqları coğrafi qruplara əsaslanır. Həmin ardıcıllıqla dövlətlərin evsahibliyi müəyyənləşdirilir və etimad göstərilən ölkə 24 aya yaxın bir müddətdə üzərinə düşən missiyadan xəbərdar olur. Həmin vaxtdan da iqlim konfransına hazırlıq başlayır.

Azərbaycanın belə bir nüfuzlu tədbirə sahiblik edəcəyi proseduruna başlaması isə seçim şərtlərinin sərtləşməsi və mürəkkəb regionda yerləşməsi üzündən bir qədər fərqli olub. Buna görə də tədbirin təşkilini gerçəkləşdirməyə 11 aydan da az bir müddət lazım gəlib. Amma buna baxmayaraq qısa müddətdə genişmiqyaslı hazırlıq layihələri gerçəkləşdirilib, Bakı Olimpiya Stadionu əsas tədbir məkanı kimi seçilib, hazırlıq dövründə tədbirin təşkilati məsələlərinin həlli məqsədilə COP29 Sədrliyinin ofisi formalaşdırılıb, Əməliyyat Şirkəti yaradılıb.

İqlim konfransına hazırlıq mərhələsində COP29 Sədrliyi 14 əsas təşəbbüs irəli sürüb. Həmin təşəbbüslərin müəyyənləşdirilməsində də dünya ictimaiyyətinin gözləntiləri nəzərə alınıb və aktual problemlərə xüsusi diqqət yetirilib. Builki COP üçün isə iqlim maliyyələşməsi əsas mövzu kimi seçilib.

Ekspertlər bildirirlər ki, iqlim maliyyələşməsinin gerçəkləşməsində maliyyəni verən və qəbul edən tərəflər müəyyənləşir. Həmin tərəflər arasında fikir ayrılığı belə müşahidə edilsə də, proseslərin şəffaflığı diqqət mərkəzində saxlanılır. İqlim maliyyəsi deyəndə isə əsasən, onun şəffaf mexanizmlər əsasında tərəflər arasında bölünməsi və maliyyə resurslarının cəlbi nəzərdə tutulur. Bu, COP Sədrliyinin diqqətində olan ən mühüm məsələlərdən biri kimi dəyərləndirilir.

COP29-da şəffaflıq prinsipini artırmaq üçün “Bakı qlobal iqlim şəffaflığı platforma”sı təsis edilib. Platforma çərçivəsində kommersiya tərəfi olan ölkələrin iqlim konfransına qədər öz şəffaflıq hesabatlarını təqdim etmələri qarşıya əsas vəzifə kimi qoyulub. Bununla bağlı bütün tərəflərlə danışıqlar aparılıb. Toplantılar Bakı Olimpiya Stadionu ilə yanaşı, digər məkanlarda da keçiriləcək. Tədbir ərazisi iki zonadan ibarət olacaq. Bunlardan biri BMT üçün nəzərdə tutulan “mavi”, digəri isə iqlim ictimaiyyəti və şirkətlərin cəlb olunacağı “yaşıl” zonalardır.

İqlim konfransından əvvəl, oktyabrın 10–11-də PreCOP adlanan tədbir keçiriləcək. Müxtəlif ölkələrin ekologiya nazirlərinin iştirak etdikləri bu toplantıda qarşıda duran məsələlər barədə müzakirələr aparılacaq. İqlim konfransı zamanı “Tematik gün”lərdən istifadə ediləcək. COP29-da reallaşacaq bütün tədbirlər, məsləhətləşmələr, danışıqlar həmin günlərdə müvafiq qaydada qruplaşdırılacaq.

İqlim konfransı çərçivəsində noyabr ayının 12 –13-də Liderlər Sammitinin təşkil olunması nəzərdə tutulur. Bu, BMT-nin Baş Assambleyasından sonra ən çox dövlət və hökumət başçısının qatıldığı tədbirdir və mahiyyət etibarilə də bütün dünya ictimaiyyətinin diqqətində olur.

COP29-a yüksək səviyyədə hazırlıq işlərinin görülməsini BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının konfrans işləri şöbəsinin direktoru Vasim Mir yüksək dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycanın COP29-a hazırlaşmaq üçün az vaxtı olsa da, böyük irəliləyiş əldə edib.

Vasim Mir bununla bağlı deyib: “Yanvar ayında Bakıya faktaraşdırıcı missiyanın rəhbəri kimi gəlmişdim və həmin vaxt biz COP29-un keçirilməsi üçün müxtəlif yerlərə baxdıq, sonda isə yekdilliklə ən uyğun yerin Olimpiya Stadionu olduğu qərarına gəldik. Həmin vaxtdan etibarən biz COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə Olimpiya Stadionunun COP-a hazırlanması istiqamətində sıx işləyirik. Bu gün isə görülən işləri qiymətləndirmək üçün buradayam. Ötən müddət ərzində məkanda hazırlıq baxımından xeyli irəliləyiş əldə olunub. Düzü, Azərbaycanın COP29-u uğurla həyata keçirmək üçün çox yaxşı bir vəziyyətdə olduğuna inanıram. Hazırda bizim nəqliyyat, qidalanma, təhlükəsizlik, yaşayış yerləri və COP üçün yerinə yetirilməsi lazım olan bütün istiqamətlər üzrə inkişaf planlarımız mövcuddur”.

BMT nümayəndəsinin sözlərinə görə, COP BMT-nin hər il keçirilən ən böyük konfransıdır və COP29-da iştirak üçün Bakıya 40–50 min insanın gələcəyi proqnozlaşdırılır. Təbii ki, bu, həyata keçirilməsi kifayət qədər mürəkkəb olan bir tədbirdir. Ona görə hazırlıq işləri çoxşaxəlidir. Qısa bir müddətdə yaşayış yerlərindən tutmuş təhlükəsizlik, qidalanma, IT və kommunikasiya kimi 25 fərqli istiqamət üzrə iş aparılır və bu istiqamətlərin hər birində irəliləyiş əldə olunur.

Vasim Mir maraqlı bir məqama da toxunub: “COP-la bağlı əsas məsələlərdən biri hər bir ölkədən nümayəndələrin tədbirdə iştirak edə bilməsi üçün onun inklüziv bir proses olmasını təmin etməkdir. Bunun bir hissəsi olaraq İştirak Üçün Etimad Fondu adlanan bir mexanizmimiz var. Bu fond inkişaf etməkdə olan ölkələrin, xüsusilə də dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və kiçik ada dövlətlərinin nümayəndələrinin iştirakını maliyyələşdirir. Cari il COP29 üçün biz 144 ölkədən iştirakın maliyyələşdirilməsini təmin edəcəyik”.

 

Ekologiya