Xızı-Abşeronun bol küləyi təmiz enerjiyə çevriləcək

post-img

Regionun ən böyük “yaşıl” enerji qurğularından sayılan “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının tikintisi davam etdirilir. Layihə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən icra olunur. Artıq layihə üzrə işlərin 30 faizindən çoxu tamamlanıb. Bura, əsasən, mühəndislik və mobilizasiya işləri daxildir. Ötən ay isə stansiyanın tikintisi üçün tələb olunan turbinlərin ilk partiyası Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarəti Limanına gətirilib. 

“ACWA Power” şirkətinin Mərkəzi Asiya üzrə regional direktoru Abid Malik mətbuata müsahibəsində bildirib ki, stansi­yanın tikintisi və istismarı zamanı ətraf mü­hitə təsirlərin minimuma endirilməsi üçün tədbirlər görülür. “Xızı–Abşeron” Külək Elektrik Stansiyası layihəsini Azərbayca­nın az karbonlu iqtisadiyyata keçidində mühüm addım kimi dəyərləndirən regional direktor bildirib ki, sözügedən qurğu qalıq yanacaqlardan asılılığı və karbon emissi­yalarını əhəmiyyyətli dərəcədə azaltmağa imkan yaradacaq ki, bu da Azərbaycanın karbon emissiyalarının azaldılması üzrə öhdəliklərinin yerinə yetirilməsinə mühüm töhfələr verəcək. 

Onun sözlərinə görə, layihə tikinti və istismar mərhələsində minimal təsiri tə­min etmək üçün ətraf mühitin mühafizə­si, sosial sahə və biomüxtəliflik üzrə ən yüksək dünya standartlarına cavab verir. Artıq ətraf mühitə və cəmiyyətə dəyəcək təsirin qiymətləndirilməsi çərçivəsində biomüxtəliflik, hava keyfiyyəti, səs-küy, torpaq, suyun keyfiyyəti və sosial-iqtisa­di şərtlər kimi amillər daxil olmaqla əsas tədqiqatların tamamlandığını bildirən Abid Malik deyib ki, tikinti və istismar zamanı potensial təsirləri minimuma endirmək üçün mühüm tədbirlər həyata keçirilir. 

Regional direktor, həmçinin təmsil et­diyi şirkətin yerli iş imkanları yaratmaq, texniki bacarıqları inkişaf etdirmək və in­frastrukturu təkmilləşdirməklə icmaların inkişafını dəstəkləməyə çalışdığını vurğu­layıb: “Layihə çərçivəsində maraqlanan tərəflərlərlə başladılan geniş məsləhət­ləşmə Abşeron rayonunun Sitalçay, Xızı rayonunun Çaylı kəndlərinin nümayən­dələrini, Kiçik və Orta Biznesin İnkişafı Agentliyini əhatə edən icmaların inkişafı üzrə komitələrinin yaradılmasına gətirib çıxardı. Bu komitələr icmaların inkişafı və investisiya proqramlarını dəstəkləmək məqsədi daşıyır”. 

Onun dediyinə görə, “ACWA Power” beynəlxalq standartlara, o cümlədən Avro­pa İnkişaf və Təşkilat Bankı, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tələblərinə riayət edir: “Layihədə vəhşi quşları qorumaq üçün “Identiflight” siste­mi kimi qabaqcıl texnologiyalar istifadə olunacaq. Ətraf mühitin izlənməsi proq­ramları layihənin bütün dövrü boyunca standartlara uyğun olaraq həyata keçirilə­cək”, – deyə regional direktor əlavə edib. 

Xatırladaq ki, “Xızı–Abşeron” layihə­si Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Me­morandumunun imzalanması ilə həyata vəsiqə qazanıb. Sözügedən sənədə əsasən 240 meqavatlıq külək qurğusunun tikintisi Səudiyyə Ərəbistanı şirkətinə həvalə olu­nub. Ötən müddətdə layihənin reallaşdı­rılmasına 300 milyon ABŞ dolları ayrılıb. Bu isə Səudiyyə Ərəbistanı şirkətinin öz ölkəsindən kənarda yatırdığı ən böyük in­vestisiyasıdır. 

“Xızı–Abşeron” Külək Elektrik Stan­siyasının təməli isə 2022-ci il yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əb­dül Əziz bin Salman Əl-Səudun iştirakı ilə qoyulub. İlkin hesablamalara görə, stan­siyada ildə 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Bu isə il ərzində 220 milyon kubmetr təbii qaza qənaət et­məyə, 400 min tondan artıq karbon emis­siyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. 

Ölkəmizdə xarici sərmayə cəlb edil­məklə həyata keçirilən “Xızı–Abşeron” Külək Elektrik Stansiyası layihəsi sənaye həcmli bərpaolunan ilk enerji layihələrin­dəndir. Eyni zamanda stansiya Azərbay­canın ilk, Qafqaz bölgəsinin isə ən böyük külək enerjisi istehsal edən qurğusu ola­caq. Müqayisə üçün qeyd edək ki, hazırda ölkəmizdə ən böyük külək elektrik stan­siyası Xızı rayonunun ərazisində yerləşən 50 meqavat gücündə olan “Yeni Yaşma” stansiyasıdır. Burada hər birinin gücü 2,5 meqavat təşkil edən 20 külək turbini qu­raşdırıldığı halda, “Xızı–Abşeron”da isə hər birinin gücü 6,5 meqavat olan 37 ədəd külək turbini fəaliyyət göstərəcək. 

Stansiya iki məkanda – Abşeron rayo­nunun Zona-1 və Xızı rayonunun Xızı-3 ərazilərində inşa ediləcək və optimal külək yığımı nəzərə alınaraq yerləşdiriləcək. 25 il müddətinə “tikinti-sahiblik-istismar” (BOO - Build – Own – Operate) prinsipi ilə fəaliyyət göstərəcək stansiya “ACWA Power” şirkəti tərəfindən idarə ediləcək. Azərbaycan iqtisadiyyatının şaxələndiril­məsi və enerji sisteminin modernləşdiril­məsi məqsədlərini dəstəkləyən bu layihə, həm də qeyri-neft sektoruna xarici sər­mayələrin artırılmasına töhfə verəcək.

Ekologiya