Təmiz ekoloji mühitə keçid Azərbaycanda milli hədəfdir

post-img

2030-cu ilədək ölkəmizdə 7 GVt bərpaolunan enerji gücləri işə salınacaq

Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq neft emalı sahəsində bütün ekoloji qaydalar daim diqqət mərkəzində saxlanılır. Respublikamızın qoşulduğu təbiətdən istifadə və ətraf mühitin mühafizəsi üzrə konvensiyalar, sazişlər, müqavilələr milli ekoloji qanunvericiliyin ayrılmaz hissəsi hesab edilir. 

Xəzər dənizinin respublikamız, eləcə də digər Xəzəryanı ölkələr və bəşəriyyət üçün mühüm önəm daşıması, onun ekosis­temlərinin həssas və dayanıqlı olması, bü­tün sahilyanı ölkələrin dənizdə getdikcə ar­tan fəaliyyətlərinin (neft-qaz yataqlarının istismarı, dənizdə gəmi və boru kəmərləri daşımaları və s.) aktivləşməsi nəzərə alına­raq Dövlət Neft Şirkəti ekoloji siyasətində bu dənizin gələcək nəsillər üçün qorunub saxlanılmasına prioritet vəzifə kimi yana­şır. 

Xəzər dənizində fəaliyyət göstərən beynəlxalq konsorsiumun neft çıxardığı “Azəri-Çıraq-Günəşli” yataqları, dəniz boru kəmərləri sistemi və Səngəçal termi­nalı üçün “Neft dağılmaları üzrə fəaliyyət Planları”na uyğun real texniki sistem for­malaşdırılıb. Neft dağılmalarının qarşı­sının alınması, ballast sularının və başqa tullantıların yığılması məqsədilə dənizdə fəaliyyət göstərən Rusiya, Qazaxıstan, Türkmənistan şirkətləri də müvafiq planla­ra və tədbirlər sistemlərinə malikdirlər. 

Hazırda qarşıda duran əsas məsələlər­dən biri neft və qaz hasilatında karbon tullantılarının sıfıra endirilməsinin həyata keçirilməsidir. Buna görə də Dövlət Neft Şirkəti fəaliyyətində yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirir, bu yöndə elmi-tədqiqat işlərini sürətləndirməklə karbon tullantılarını sıfıra endirməyə əsas istiqamət kimi yanaşır. Adıçəkilən şirkətin “Neft və Qazın Dekarbonizasiyası Xarti­yası”na qoşularaq metan tullantılarının sı­fıra endirilməsi kimi öhdəlik götürməsi də bunun bariz ifadəsidir. 

Son 30 il ərzində Azərbaycan neft-qaz sektoru sayəsində mühüm iqtisadi inki­şafa və rifahın yüksəlməsinə nail olub. Ölkəmizdə ümumdaxili məhsulun (ÜDM) üçdə biri, ixracın 90 faizi və birbaşa xari­ci investisiyaların isə 71 faizi bu sektorun payına düşüb. Buna görə də Azərbaycan aşağı karbonlu iqtisadiyyata uğurlu keçidi reallaşdırmaq və dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün qazıntı yanacağından təd­rici imtina etməklə iqtisadiyyatda uğurlu diversifikasiya siyasəti yürütməyə başla­yıb. 

Belə bir fəaliyyətə əsaslanaraq respub­likamız son illərdə qoşulduğu təbiətdən istifadə və ətraf mühitin mühafizəsi üzrə konvensiya və sazişlərə həssaslıqla yana­şıb, bu sahədə müsbət nəticələr əldə edib. Məhz elə bu amil də COP29-un ölkəmiz­də reallaşması qərarını şərtləndirib, dünya ölkələrinin Azərbaycana bir daha böyük etimad və hörmət göstərmələrini əsaslan­dırıb. 

Beləliklə, BMT-nin İqlim Dəyişikli­yi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı 29-cu sessiyasının– COP29-un bu il ölkəmizdə keçiriləcəyi ilə bağlı qərar ötən il dekabrın 11-də COP28-in 150-dən çox dövlət və hökumət başçılarının iştira­kı ilə Dubayda reallaşan plenar iclasında qəbul olunub. Qeyd edək ki, bu, təsadüfi olmayıb. Çünki indiyədək COP-un konf­ransları qazıntı yanacağı ixracatçıları olan, lakin “yaşıl enerji”yə də fəal şəkildə sər­mayə qoyan ölkələrdə keçirilib. Azərbay­canın da fəaliyyəti bu baxımdan yüksək dəyərləndirilib. Başqa sözlə, dünya ölkələ­rinin СОР29-un Bakıda reallaşdırılacağı barədə yekdil qərarı respublikamızın iqlim dəyişikliklərinin qarşısının alınması sahə­sində həyata keçirdiyi layihələrə verilən yüksək qiymətlə bağlı olub. 

Yeri gəlmişkən, COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul edil­məsi bir daha təsdiq edir ki, ölkəmizin bu sahədəki fəaliyyəti BMT daxil olmaqla, beynəlxalq və qlobal təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Məhz bu səbəb­dən də Azərbaycanın namizədliyi dəstək olunub və təsdiqlənib. Qeyd edək ki, ölkə­miz regionda “yaşıl” enerjinin inkişafına ən çox investisiya yatıran ölkələrdən biri (son illər bu sahəyə yönəlmiş sərmayələrin həcmi 1 milyard dollardan artıqdır) kimi qiymətləndirilib.

Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biri dekarbonizasiya tədbirlərinin tətbiqi ilə “yaşıl” inkişafı və neft- qaz layihələrinin icrasını özündə bir­ləşdirən enerji keçidinin təmin edilməsinə balanslaşdırılmış yanaşmadır. Ekspertlə­rin sözlərinə görə, külək və günəş enerji­si sahəsində yeni irimiqyaslı layihələrin həyata keçirilməsi yüksək texnologiyalı enerji saxlama sistemlərinin tətbiq edilmə­si ilə müşayiət olunur. Ümumilikdə, ölkədə 2030-cu ilə qədər bərpaolunan enerji mən­bələri sahəsində 7 GVt istehsal gücünün yaradılması planlaşdırılır ki, bu da Azər­baycana Avropaya “yaşıl” enerjinin aparıcı ixracatçılarından biri olmaq imkanı ver­mək deməkdir. 

Ölkəmizdə bərpaolunan enerji istehsa­lı siyasətinin strateji təməli isə Prezident İlham Əliyevin 2021-ci il fevralın 2-də imzaladığı sərəncamla təsdiqlənən “Azər­baycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” ilə qoyulub. Sənəddə diqqətə çatdırılan 5 milli prioritetdən biri “təmiz ətraf mühit” və “yaşıl artım”la bağlı olub. Bununla da respublikada “yaşıl” iq­tisadiyyata keçid mərhələsi başlanılıb. Bu prioritetlər qəbul edilənə qədər isə Azər­baycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasını şərt­ləndirən müqavilə (9 yanvar 2020-ci il) əsasında 2022-ci il yanvarın 13-də “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Həmin il martın 15-də isə Bakıda “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində “Mas­dar” şirkəti ilə 4 anlaşma memorandumu imzalanıb və “Masdar” şirkəti ölkəmizdə 230 MVt gücündə “Qaradağ” Günəş Elekt­rik Stansiyası (GES) layihəsini reallaşdı­rıb. Stansiyanın hər il yarım milyard kilo­vat/saat elektrik enerjisi istehsal etməyə və atmosferə atılan tullantıların ildə 200 min tondan çox azaldılmasına imkan yaradaca­ğı nəzərdə tutulub.

Onu da bildirək ki, erməni faşizminin işğal dövründə xarabalığa çevirdiyi Qa­rabağ və Şərqi Zəngəzur iqtisadi rayonla­rı dövlətimizin başçısı tərəfindən “Yaşıl enerji” zonası elan edilib. Eyni zamanda həmin ərazilərin dayanıqlı kənd təsər­rüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, “ağıllı” şəhərlər, “ağıllı” kəndlər kimi in­novativ yanaşmalara əsaslanmaqla və min­lərlə hektar sahədə meşələri bərpa etməklə 2050-ci ilədək “Netto sıfır emissiya” zona­sına çevrilməsi planlaşdırılıb.

Ekologiya