COP29 konfransı qlobal iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli addımların atılması, regional əməkdaşlığın gücləndirilməsi və dayanıqlı inkişaf üçün yeni perspektivlərin yaradılmasında mühüm bir platforma olacaq. Bu, eyni zamanda, ekoloji zənginliyi və unikal təbii sərvətlər ilə diqqət çəkməklə yanaşı, iqlim dəyişikliyinin təsirlərinə məruz qalan Cənubi Qafqazın bu istiqamətdə çətinliklərinin aradan qaldırılmasına müsbət təsir göstərəcək.
Cənubi Qafqaz müxtəlif ekosistemlərə və unikal bioloji müxtəlifliyə malik olan bir regiondur. Azərbaycanın Xəzər dənizi sahilləri, Gürcüstanın Böyük Qafqaz dağları və Ermənistanın meşəlik əraziləri bu coğrafiyada ekoloji zənginliyi şərtləndirir. Bu təbii sərvətlər yalnız yerli iqtisadiyyatlar üçün deyil, həm də qlobal ekosistemin balansı üçün mühüm önəm daşıyır. Təəssüf ki, hazırda iqlim dəyişikliyi regionun ekosistemlərini və bioloji müxtəlifliyini ciddi təhlükə altına alır, “qırmızı xətlər” tapdalanır.
Son illərdə Cənubi Qafqazda temperaturun artması, su ehtiyatlarının azalması və təbii fəlakətlərin tezliyinin və şiddətinin artması kimi problemlər müşahidə olunur. Bu, kənd təsərrüfatı, su təchizatı və ətraf mühitin qorunması sahələrində ciddi çətinliklərlə narahatlıq doğurur. Məsələn, quraqlıq dövrünün uzanması aqrar sektorda məhsuldarlığın aşağı düşməsinə, su ehtiyatlarının azalmasına gətirib çıxarır.
COP29 konfransı Cənubi Qafqazda bu problemlərin həllinə yönələn qlobal və regional səylərin gücləndirilməsi üçün əhəmiyyətli bir imkan yaradır. Buna görə də sammit çərçivəsində iqlim dəyişikliyinə qarşı mübarizədə daha təsirli tədbirlərin görülməsi, ekosistemlərin qorunması və su ehtiyatlarının səmərəli idarə edilməsi, ümumiyyətlə, dayanıqlı inkişaf üçün yeni strategiyaların hazırlanması gözlənilir.
Yeri gəlmişkən, dayanıqlı inkişaf yalnız iqtisadi artımı deyil, həm də sosial ədalətin gerçəkləşdirilməsi və ətraf mühitin mühafizəsi kimi məsələləri əhatə edir. Cənubi Qafqaz isə dayanıqlı inkişaf üçün böyük potensiala malikdir. Bununla yanaşı, regionda iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək və əhalinin rifahını təmin etmək üçün yeni yanaşmalara ehtiyac var.
Bu baxımdan COP29 region üçün yeni perspektivlər açacaq, Cənubi Qafqaz ölkələrinin bərpaolunan enerji mənbələrinin inkişafında, enerji təhlükəsizliyinin təmin edilməsi və karbon emissiyalarının azaldılmasında birgə fəaliyyəti şərtləndiriləcək, iqlim dəyişikliyinə qarşı mübarizənin əsasını təşkil edəcək, regionda yeni iş yerlərinin açılması və iqtisadiyyatın şaxələndirilməsi üçün yeni imkanlar yaradacaq.
Su ehtiyatlarının qorunması və idarə edilməsi Cənubi Qafqaz üçün vacib məsələlərdən biridir. Xüsusilə quraqlıq və su qıtlığı ilə üzləşən bu regionda su ehtiyatlarının səmərəli istifadəsi və yeni su təchizatı layihələrinin həyata keçirilməsi zəruridir. COP29 konfransı şübhəsiz ki, bu sahədə beynəlxalq və regional əməkdaşlığı gücləndirəcək və su ehtiyatlarının idarə edilməsində müasir texnologiyaların tətbiqi üçün yeni təşəbbüslərə meydan açacaq. Su ehtiyatlarının qorunması təkcə ətraf mühitin mühafizəsi üçün deyil, həm də kənd təsərrüfatı və sənaye sektorlarının davamlılığı üçün zəruridir.
Qeyd edim ki, iqlim dəyişikliyi yalnız ekoloji təsirlərlə məhdudlaşmır, eyni zamanda, sosial ədalət məsələlərini gündəmə gətirir. Ekstremal hava şəraiti və təbii fəlakətlər, xüsusən də zəif sosial təbəqələrə və kənd ərazilərində yaşayan insanlara ciddi təsir göstərir. Cənubi Qafqazda da sosial və ekoloji ədalətin gerçəkləşdirilməsi üçün ciddi addımlar atılmalıdır.
Əminəm ki, sözügedən beynəlxalq sammit Cənubi Qafqazda sosial və ekoloji ədalətin gücləndirilməsi məqsədilə yeni imkanlar təqdim edəcək. Konfrans çərçivəsində keçiriləcək tədbirlər regionda ekoloji təsirlərin daha ədalətli paylaşılmasını və zəif icmaların iqlim dəyişikliyinə qarşı daha güclü dəstəklənməsini gerçəkləşdirəcək. Bu tədbirlər arasında sosial təminat sistemlərinin gücləndirilməsi, ekoloji zərərlərin kompensasiya edilməsi və ekoloji təhsil proqramlarının genişləndirilməsi kimi məsələlər yer alacaq.
Cənubi Qafqazda dayanıqlı inkişafın təmin edilməsi üçün regional əməkdaşlıq mühüm rol oynayır. Region ölkələri arasında su ehtiyatlarının idarə edilməsi, meşələrin qorunması və bərpa olunması, bərpa olunan enerji mənbələrinin inkişafı kimi sahələrdə əməkdaşlıq zəruridir. Bu əməkdaşlıq, yalnız ekoloji problemlərin həllinə kömək etməyəcək, həm də regionda iqtisadi inteqrasiyanı və sosial sabitliyi gücləndirəcək.
Fikrimcə, COP29-da müzakirəyə çıxarılacaq məsələlərin həlli üçün regional əməkdaşlığın gücləndirilməsi naminə konkret addımlar atılması zəruridir. Region ölkələri arasında daha sıx əməkdaşlıq məqsədilə yeni layihələrin həyata keçirilməsinə və ekoloji problemlərin daha səmərəli həllinə şərait yaradılmalıdır.
Gülşən AXUNDOVA,
Qadın, İnkişaf, Gələcək İctimai Birliyinin sədri, COP29 Təşkilat Komitəsinin üzvü