Ölkəmizin 14 önəmli təklifi beynəlxalq aləmdə ciddi müzakirələr doğurub
Azərbaycan energetika nazirinin müavini, bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29-un baş katibi Elnur Soltanov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində bildirib ki, konfransda milli, regional və qlobal səviyyəli məsələlər müzakirə olunacaq və əsas mövzu isə iqlim maliyyəsi olacaq.
E.Soltanov qabaqcıl dövlətlərin inkişaf etməkdə olan ölkələrə daha çox yardım göstərməsinin COP29-un gündəmində olacağını bildirib: “Dünyanın istixana qazı emissiyalarının, təxminən, 4 faizi Afrika qitəsinin payına düşür. Bununla belə, iqlim dəyişikliyindən ən çox ziyanı bu qitə çəkir.
İstixana qazları emissiyalarını və iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi göstərilməlidir. Hazırda 100 milyard dollar həddində olan iqlim maliyyələşməsini artırmaq üçün ciddi danışıqlar aparılır. COP29-da bununla bağlı qərar qəbul ediləcəyinə ümid bəslənilir”.
COP29-un baş katibinin sözlərinə əsasən, Azərbaycan bu məsələ ilə bağlı 14 təklif irəli sürüb. Bu təkliflərin reallaşdırılması üçün bəzi ölkələr və ya şirkətlərlə müzakirələr aparılacaq. Azərbaycanın təklifi ilə müzakirə ediləcək məsələlər arasında iqlim maliyyəsi, enerji, kənd təsərrüfatı, su ehtiyatları, turizm, rəqəmsallaşma, “yaşıl” şəhərlər və insan resursları da var. Olimpiadada olduğu kimi, bütün dünyada atəşkəsə çağıracağıq”, – o qeyd edib.
E. Soltanov bildirib ki, COP29 Azərbaycanın indiyədək evsahibliyi etdiyi heç bir beynəlxalq tədbirlə müqayisəyə gəlməyəcək bir konfrans olacaq. Ölkəmiz iqlim danışıqlarına rəhbərlik edəcək və bu məsələ ilə bağlı fəaliyyəti nümayiş etdirəcək. Biz Azərbaycanın qonaqpərvərliyini göstərəcək, dövlət qurumlarının, şirkətlərin və qeyri-hökumət təşkilatlarının koordinasiyalı fəaliyyəti ilə keyfiyyətli təşkilatçılıq həyata keçirəcəyik.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qarşılayacaq.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan “Tərəflərin Konfransı” mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində reallaşıb və katibliyi Bonnda yerləşir.