Ətraf mühitin mühafizəsi tələblərinə əməl etməyənlər məsuliyyətə cəlb olunub

post-img

Kürdəmir Rayon Polis Şöbəsi və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri birgə tədbir zamanı rayonun Topalhəsənli kəndi ərazisində yerləşən "Sabrina" şadlıq sarayının ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib. 

Aşkar edilmiş faktla bağlı qeyd olunan  qayda pozuntusuna yol verən sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub. Ərazinin tullantılarından təmizlənməsi isə təmin edilib. 

İsmayıllıda qanunsuz ağac kəsən, Göyçayda isə ətraf mühiti çirkləndirən şəxslər müəyyən olunublar. İsmayıllı rayonunun Basqal qəsəbəsi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində qanunsuz ağackəsmə ilə bağlı polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə həmin şəxs müəyyən olunub və hazırda faktla bağlı araşdırma aparılır.

Göyçay Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının keçirdikləri birgə tədbirlər zamanı isə rayonun Qaraməryəm kəndində, eləcə də şəhər ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar edilib. 

Qeyd olunan faktlar üzrə iki obyekt sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunublar.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

P.ƏMİRCANOV

XQ



Ekologiya