ABŞ Prezidenti Donald Tramp “France-Presse” agentliyinə bildirib ki, İranla 15 maddəlik, daha uzunmüddətli razılaşma əldə edilib və bunun əksəriyyəti razılaşdırılıb.
Tramp əvvəllər İrana hücumları iki həftə müddətinə dayandırmaq barədə razılığını açıqlamış və atəşkəsin qarşılıqlı olacağını demişdi. İsrail də Trampın qərarını dəstəklədiyini bildirmişdi. İranın Ali Milli Təhlükəsizlik Şurası Tehranın ABŞ ilə danışıqlara 10 aprel cümə günü Pakistanın İslamabad şəhərində başlayacağını açıqlamışdı.
“France Presse” agentliyinin məlumatına görə, Tramp Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı qeyri-müəyyənlik fonunda “uzunmüddətli razılaşma” üçün möhkəm əsasın olduğunu bildirib.
Amerika lideri agentliyə deyib ki, “15 bəndlik razılaşmamız var və onların əksəriyyəti artıq razılaşdırılıb. Görək bundan sonra nə olacaq. Görək bunu sona qədər davam etdirə biləcəyikmi”.
“France Presse”-in əlavə etdiyi kimi, Tramp, razılaşma pozularsa, İranın mülki elektrik stansiyalarını və körpülərini məhv etmək kimi “təhdidlərinə” qayıdıb-qayıtmayacağını deməkdən imtina edib. Tramp həmçinin vurğulayıb ki, İranın uran zənginləşdirmə proqramı istənilən sülh müqaviləsində müzakirə olunacaq.
P.ƏMİRCANOV
XQ

