Qlobal təhlükəsizlik sistemi sınağa çəkilir

post-img

Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik beynəlxalq medianın ana mövzusu olaraq qalmaqdadır. ABŞ, İsrail və İran arasında artan qarşıdurma fonunda həm diplomatik təmaslar, həm də hərbi əməliyyatlar paralel şəkildə intensivləşir. Eyni zamanda, müxtəlif ölkələrin siyasi liderləri və beynəlxalq aktorlar münaqişənin genişlənməsi riskinə dair fərqli mövqelər ortaya qoyurlar. Belə mürəkkəb mənzərə fonunda yayılan xəbərlər regionda yeni eskalasiya mərhələsinin başlaya biləcəyinə işarə edir.

“Politico”: ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens İran nümayəndələri ilə mümkün birbaşa danışıqlarda iştirak edə bilər. Nəşrin məlumatına görə, Vens ehtiyatda qalır və pərdəarxası təmaslar İran rəhbərliyinin nümayəndələri ilə təkbətək görüşlə nəticələnsə, Tehranla həssas danışıqlara başlamağa hazırdır. Qeyd olunur ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner hazırkı mərhələdə Tehranla təmaslarda iştirak edirlər. Əgər əhəmiyyətli irəliləyiş əldə olunsa, Vens də danışıqlara qoşula bilər.

“Axios”: ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Yasəmin Ansari müdafiə naziri Pit Heqsetə qarşı impiçment maddəsi tətbiq etmək niyyətində olduğunu açıqlayıb. Mənbənin məlumatına görə, təşəbbüs Heqsetin İranda ABŞ hərbi əməliyyatlarına rəhbərlik etməkdə iştirakı ilə əlaqəli ola bilər. Nəşr ictimai rəy sorğularına istinadən, onun ABŞ hökumətinin ən az populyar üzvlərindən biri olduğunu və Yaxın Şərqdəki münaqişənin artan xərclərinin nazirin imicinə mənfi təsir göstərdiyini qeyd edib.

“Radio New Zealand”: Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson ABŞ Prezidenti Donald Trampın İranın mülki infrastrukturuna zərbələr endirmək hədələrinin faydasız olduğunu bəyan edib. Onun sözlərinə görə, münaqişənin daha da kəskinləşməsinin qarşısının alınması prioritet olaraq qalmalıdır: "Ötən həftəsonu biz ABŞ prezidentinin hədələri barədə xəbər tutduq. Bu addımlardan hər hansı biri, o cümlədən körpülərin, su anbarlarının və mülki infrastrukturun bombalanması da qəbuledilməz olardı".

“Israel Defence Forces”: İsrail Müdafiə Qüvvələri (IDF) İranın Şiraz şəhərində azot turşusunun istehsal olunduğu neft-kimya obyektinə zərbə endirib. İsrail ordusunun bəyanatında qeyd olunur ki, obyektdə partlayıcı maddələrin və raket sənayesi üçün digər materialların istehsalında istifadə edilən azot turşusu istehsal olunurdu. Məlumata görə, əməliyyat çərçivəsində İran ərazisində İsrailə qarşı hücumların həyata keçirilməsi üçün istifadə olunan digər ballistik raket obyektlərinə də zərbələr endirilib.

“Mehr”: ABŞ və İsrail İranın İsfahan əyalətinin Kaşan şəhərindəki Yəhya Abad dəmir yolu körpüsünə zərbələr endirib. Bildirilib ki, bu hücum nəticəsində iki nəfər ölüb, üç nəfər isə yaralanıb.

“Al Jazeera”: SEPAH Səudiyyə Ərəbistanının Cübail regionundakı neft-kimya obyektlərinə zərbələr endirmək üçün raketlər və pilotsuz uçuş aparatlarından istifadə edib. İran tərəfinin məlumatına görə, hücumlar İsrailin Şirazdakı neft-kimya kompleksinə endirdiyi əvvəlki zərbələrə cavab olub. SEPAH bəyan edib ki, "Sadra", "ExxonMobil" və "Dark Chemical" da daxil olmaqla, ABŞ şirkətləri ilə əlaqəli obyektlər də hədəf olub. Bundan əlavə, korpusun iddiasına görə, ABŞ şirkəti "Shourdan Phillips"ə məxsus Əl-Xuvaymədəki neft-kimya kompleksinə zərbələr endirilib.

“Fox News”: ABŞ-ın Xarq adasına hücumlarının hədəfi hərbi obyektlər olub. Məlumata görə, ABŞ ötən gecə ərzində adadakı onlarla hərbi hədəfi vurub. ABŞ-ın adaya hücum üçün quru qoşunlarını cəlb etməsi barədə məlumat təsdiqlənməyib.

“Times of Israel”: İsrail Müdafiə Qüvvələri (IDF) İranın 130-dan çox Hava Hücumundan Müdafiə (HHM) sistemini məhv etdiyini bilidirib. Qeyd olunub ki, bu cür əməliyyatlar təhdidlərin azaldılmasına və regionun təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

“CNN”: İsrail ABŞ-ın diplomatik danışıqlarının uğursuzluqla nəticələnəcəyi təqdirdə, İrandakı enerji və infrastruktur obyektləri arasından yenilənmiş hədəflər siyahısını təsdiqləyib. Bildirilib ki, İsrail Donald Trampın sonrakı addımlar barədə qərarını gözləyir: “Lakin ABŞ tərəfindən təsdiqlənməsi şərti ilə yaxın həftələr üçün əlavə planlarımız var”.

“Reuters”: “Hörmüz boğazında gəmiçiliyin bərpası ABŞ-nin əsas prioritetlərindən biridir”. Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlər qarşısında çıxışında bildirib. “Mən deyərdim ki, bu, çox böyük prioritetdir, çünki bu, bir qədər fərqlidir – biz onları istədiyimiz kimi bombalaya, sarsıdıcı zərbə endirə bilərik. Amma boğazı bağlamaq üçün bir terrorçu kifayətdir – çünki dəniz minalarını böyük yük maşınlarında daşımaq mümkündür – onu suya atır və indi milyard dollar dəyərində gəmi sahiblərini minalar barədə narahat olmamağa inandırmağa çalış...”.

Hazırladı:
N.BEYDİYEVA
XQ

Dünya