Yaxın Şərqdə düyün “boğaz”a dirənib

post-img

Dünyanın 40 ölkəsi İranı Hörmüz ətrafında yaranacaq siyasi böhrandan çəkindirməyə çalışır

Yaxın Şərqdə Vaşinqton/Tel-Əviv – Tehran toqquşmaları fonunda yaranan eskalasiya qlobal neft tranzitinin şah damarı sayılan Hörmüz boğazı ətrafında ciddi təhlükə yaradıb. Qlobal bazarlara çıxarılan xam neftin və neft məhsullarının, təqribən, 20 faizinin, yəni gündəlik 21 milyon barrel həcminin məhz bu dar su dəhlizindən keçməsi fonunda boğazın bağlanması təhlükəsi qlobal iqtisadiyyatı ciddi narahat edir. Böhranın idarə olunması məqsədilə qlobal güclər hərbi-diplomatik rıçaqları işə salıb.

Böyük Britaniyanın təşəbbüsü ilə 40 ölkənin hərbi ekspertlərinin cəlb olunduğu London yaxınlığındakı Nortvud hərbi bazasında xarici işlər naziri İvett Kuperin sədrliyi ilə koordinasiya edilən sayca 2-ci görüş Avropanın prosesdə iştirak niyyətinin ciddiliyini göstərir. Tədbirin gündəliyi Hörmüz boğazında son hərbi əməliyyatların səngiməsindən sonrakı dövrdə gəmiçiliyin mühafizəsi üzrə qabaqlayıcı tədbirlərin, yəni daimi patrul mexanizmlərinin müəyyənləşdirilməsi idi. Ölkənin baş naziri Kir Starmer məhz bu amili vurğulayaraq istənilən əməliyyatın yalnız döyüşlər dayandırıldıqdan sonra başlaya biləcəyini qeyd edib.

Onu da deyək ki, toplantı iştirakçıları ötən ay İrana qarşı sərt tələblərlə çıxış edən dövlətlərin koalisiyasını təmsil edir. Söhbət martın 19-da Tehranın kommersiya gəmilərinə qarşı təhdidləri, minalama əməliyyatlarını, kamikadze dron və ballistik raket zərbələrini, habelə boğazın hərəkət üçün bağlanması yönündəki cəhdlərini dərhal dayandırmağa çağıran müştərək bəyanatdan gedir. Aprelin 2-də baş tutan ilk görüşün yekununda Britaniya XİN-in Hörmüz boğazının qapadılması halında İrana qarşı sanksiya tələbi irəli sürmüşdü. Bu isə beynəlxalq aktorların gərginliyin azaldılmasından daha çox, məhz boğazın təhlükəsizliyi məsələsinə üstünlük verdiyini deməyə əsas verir. Hazırkı vəziyyət dünya iqtisadiyyatı üçün sarsıdıcı itkilər vəd edən mərhələyə qədəm qoyur. Müxtəlif beynəlxalq qurumlar hadisələrin bu istiqamətdə inkişafının yarada biləcəyi fəsadlarla bağlı həyəcan təbili çalırlar. Məsələn, Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib ki, dünya heç vaxt enerji təchizatında bu qədər böyük fasilə ilə qarşılaşmayıb. Onun sözlərinə görə, Hörmüz boğazının blokadası ilə yaranan hazırkı neft və qaz böhranı 1973, 1979 və 2002-ci illərdəki böhranlardan daha ciddidir. Bu baxımdan qarşıda dünyanı gözləyən iqtisadi böhrandan həll yolu üçün ölkələrin istənilən sanksiya və təzyiq yoluna əl atacaqları istisna edilmir.

***

Şübhəsiz ki, imzalanan sənədin arxasında dayanan dövlətlərin siyahısı beynəlxalq narahatlığın miqyasını əks etdirir. İlkin mərhələdə Böyük Britaniya, İtaliya, Niderland, Fransa, Almaniya və Yaponiya liderlərinin iştirak etdiyi koalisiyaya sonradan Avstraliya, Bəhreyn, Dominikan Respublikası, Kanada, Yeni Zelandiya, Panama, Trinidad və Tobaqo, BƏƏ və Cənubi Koreya kimi 30-dan çox ölkə qoşulub. Bu da öz növbəsində qlobal təchizat zəncirindən asılı olan fərqli qütblərin ortaq maraq ətrafında birləşdiyini göstərir. Xüsusilə Yaponiya və Cənubi Koreya kimi ölkələrin prosesə cəlbi təbii haldır, çünki bu dövlətlərin enerji ehtiyacının 70 faizindən çoxu məhz Körfəz regionunun payına düşür. Digər tərəfdən, Bəhreynin ABŞ-ın Beşinci Donanmasına ev sahibliyi etməsi, BƏƏ-nin isə qlobal dəniz logistikasının mərkəzlərindən biri olması bu dövlətlərin də koalisiyada yer almasını zərurətə çevirir.

Əlbəttə, ortaq diplomatik mövqeyə rəğmən, qlobal hərbi dəniz koalisiyasının qurulması göründüyü qədər asan proses deyil. Zaman amili, maliyyə resursları və iqtisadi baxımdan "Pirr qələbəsi" riski bu prosesi ləngidən əsas faktorlardır. Məsələn, ABŞ-ın "Avenger" sinfindən olan gəmilərin və ya Böyük Britaniyanın "Hunt" qəbiləsindən minaaxtaranlarının maksimum sürəti cəmi 13-15 dəniz milidir. Bu isə o deməkdir ki, onlar sürətli raket zərbələri və ya dron hücumları qarşısında müdafiəsizdir. Digər tərəfdən, İranın dəniz arsenalında yer alan "Mahnish" və ya "Yem-1" tipli kontakt minalarının bir ədədinin qiyməti cəmi bir neçə min dollar olduğu halda, onları aşkar edib zərərsizləşdirməli olan ixtisaslaşmış gəmilərin qiyməti 100-150 milyon dollar, onları qorumalı olan "Arleigh Burke" sinfi esmineslərin dəyəri isə 2 milyard dolları keçir.

Üstəlik, yaradılacaq bu yeni qruplaşmanın Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) rəsmi missiyası çərçivəsində fəaliyyət göstərməyəcəyi xüsusi vurğulanmalıdır. NATO etiketindən imtina həm Rusiya və Çin kimi qlobal rəqibləri qıcıqlandırmamağa xidmət edir, həm də alyansa üzv olmayan Körfəz ölkələrinin, eləcə də Cənubi Amerika və Karib hövzəsi dövlətlərinin qlobal iqtisadiyyatın xilası naminə prosesə daha neytral və rahat inteqrasiyasına şərait yaradır.

Hadisələrin gedişatı maraqlı məqamlar vəd edir. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən gün axşamadək İrana Hörmüz boğazını tam açmadığı təqdirdə, ölkənin enerji infrastrukturuna ciddi zərbələr endiriləcəyi və onları “daş dövrünə qaytaracağı” ilə bağlı xəbərdarlıq etmişdi. İran İnqilab Keşikçiləri Korpusu isə cavab olaraq hücumların miqyasını regiondan kənara çıxarmağa hazır olduğunu bəyan edib. Hadisələrin axarı münaqişənin təsir dairəsinin getdikcə genişləndiyini deməyə əsas verir. Gərginliyin davam etməsi isə yaxın zamanlarda dünya bazarlarında ciddi mənfi təsirlərə səbəb ola bilər.

Yusif BAĞIRZADƏ,
politoloq

Hörmüz boğazı ilə bağlı 40 ölkənin hərbi nümayəndələrinin görüşü özündə qlobal səviyyədə dəniz təhlükəsizliyi və gəmiçiliyin qorunması baxımından mühüm mesajlar daşıyır. Görüşün strateji əhəmiyyəti bir neçə istiqamətdə özünü göstərir. Şübhəsiz ki, ən əsas mesaj İranadır. Hörmüz boğazı dünyanın ən kritik ticarət və enerji keçidlərindən biri olduğu üçün burada gərginlik qlobal bazarlara birbaşa təsir edir. Bu səbəbdən Qərb ölkələri beynəlxalq koalisiyanı gücləndirərək və müşahidə sistemləri quraraq, regional aktorlara, xüsusilə İrana xəbərdarlıq edir ki, boğazın bağlanması yalnız lokal təsirlərlə məhdudlaşmayacaq, geniş beynəlxalq reaksiya ilə üzləşəcək. Bu, həm siyasi, həm diplomatik, həm də hərbi baxımdan İran üçün çəkindirici amil rolunu oynaya bilər.

Bundan əlavə, görüşün iştirakçıları arasında 40 ölkədən hərbi nümayəndənin olması regionda çoxölçülü əməkdaşlıq imkanlarını ortaya çıxarır. Bu, hərbi və dəniz təhlükəsizliyi üzrə məlumat mübadiləsi, risklərin qiymətləndirməsi və əməliyyat koordinasiyası üçün geniş platforma yaradır. Beynəlxalq Dəniz Təşkilatı və digər institutlarla koordinasiyanın gücləndirilməsi, hüquqi və normativ çərçivədə regional stabilliyin qorunmasına xidmət edir. Bu, həmçinin gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün beynəlxalq nəzarətin artırılması baxımından vacibdir.

Əlbəttə, real nəticələr birbaşa və dərhal əməliyyatlara çevrilməyə bilər. Görüş əsasən koordinasiya, təcrübə mübadiləsi və qarşılıqlı anlaşmanın təmin olunması platforması rolunu oynayır. Bununla belə, konkret addımlar da gözlənilir, məsələn, risklərin qiymətləndirilməsi üçün birgə prosedurların hazırlanması, gəmiçilərin təhlükəsizliyinin artırılması üçün standart əməliyyat qaydalarının müəyyənləşdirilməsi və hər hansı insidentin qarşısını almaq üçün xəbərdarlıq mexanizmlərinin qurulması.

Bu təşəbbüs Qərb ölkələrinin strateji mövqeyini nümayiş etdirmək baxımından da önəmlidir. Beynəlxalq koalisiya, birlik nümayiş etdirərək və açıq koordinasiya mexanizmləri quraraq regionda tərəfsiz və dayanıqlı təhlükəsizlik mühitinin formalaşdırılmasına çalışır. Bu isə regional aktorlar üçün həm siyasi, həm də psixoloji çəkindirici effekt yaradır.

Tacir SADIQOV
XQ



Dünya