Kritik metallar uğrunda mübarizə: Aİ yeni strateji mərhələdə

post-img

Avropa İttifaqının kritik və nadir metallarla bağlı yeni strategiyası qlobal geosiyasi və iqtisadi balansların dəyişdiyi bir mərhələdə formalaşır. Enerji keçidi, rəqəmsal texnologiyaların sürətli inkişafı və müdafiə sənayesinin artan tələbatı bu xammalları XXI əsrin ən strateji resursları sırasına çıxarıb. Məsələ artıq təkcə iqtisadi səmərəlilik deyil, Avropanın gələcək sənaye gücü və strateji müstəqilliyidir.

Hazırda kritik xammalların hasilatı və emalı üzrə qlobal bazarda Asiya ölkələrinin, xüsusilə də Çinin dominant mövqeyi Aİ üçün ciddi risklər yaradır. Tədarük zəncirlərində yaranan hər hansı siyasi və ya iqtisadi gərginlik Avropanın yaşıl enerji layihələrini, yüksək texnologiyalı istehsalını və müdafiə imkanlarını birbaşa zəiflədə bilər. Bu səbəbdən Brüssel üçün əsas hədəf üçüncü ölkələrdən asılılığı azaltmaq və resurs təhlükəsizliyini daxili imkanlar hesabına təmin etməkdir.

Aİ-nin 2030-cu ilə qədər müəyyən etdiyi yol xəritəsi yalnız hasilatın artırılmasını deyil, tam dəyər zəncirinin Avropa daxilində qurulmasını nəzərdə tutur. Xammalın çıxarılması ilə yanaşı onun emalı, təmizlənməsi və təkrar emalı imkanlarının genişləndirilməsi əsas prioritetlər sırasındadır. Bu yanaşma Avropanı sadəcə xammal istehlakçısı deyil, yüksək əlavə dəyər yaradan texnoloji məhsulların istehsalçısına çevirməyi hədəfləyir.

Bu kontekstdə Rumıniyanın adı xüsusi çəkilir. Qrafit, maqnezium və mis kimi strateji əhəmiyyətli resurslar elektrik avtomobilləri, batareya texnologiyaları, yarımkeçiricilər və müdafiə sənayesi üçün vacibdir. Rumıniya bu baxımdan Avropanın sənaye təhlükəsizliyi xəritəsində mühüm mövqeyə malik ola bilər. Lakin mövcud resurslar hələ uğurun təminatı demək deyil. Əsas məsələ bu xammalların dərin emalı və yüksək texnologiyalı məhsullara çevrilməsidir.

Mütəxəssislərin fikrincə, Aİ çərçivəsində yeni strategiyanın reallaşması üzv ölkələrdə sənaye siyasətinin yenidən qurulmasını qaçılmaz edir. Lisenziyalaşdırma prosedurlarının sadələşdirilməsi, iri həcmli investisiyaların cəlbi, ekoloji tələblərlə iqtisadi maraqlar arasında balansın qorunması əsas çağırışlar kimi önə çıxır. Rumıniyada müasir emal müəssisələrinin yaradılması və texnoloji infrastrukturun gücləndirilməsi ölkəni Avropanın kritik xammal zəncirində əsas həlqələrdən birinə çevirə bilər.

Bir sözlə, nadir və kritik metallarla bağlı qlobal rəqabət Aİ üçün artıq sırf iqtisadi məsələ deyil, strateji təhlükəsizlik problemidir. Bu resurslar müasir silah sistemlərindən tutmuş süni intellekt və yaşıl enerji texnologiyalarına qədər geniş sahələrdə istifadə olunur. Məhz buna görə Brüssel milli resursların daha səmərəli istifadəsini və üzv ölkələr arasında koordinasiyanın gücləndirilməsini prioritet istiqamət kimi müəyyənləşdirir. Bu strategiyanın uğuru Avropanın gələcəkdə qlobal güc mərkəzləri arasında hansı mövqedə dayanacağını da müəyyən edəcək.

Səbuhi MƏMMƏDOV

XQ

Dünya