Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Finlandiyanın “Helsingin Sanomat” qəzetinə verdiyi müsahibəsində bildirib ki, Avropada şəxsi nüvə çəkindirmə vasitələrinin əldə edilməsi ilə bağlı müzakirələrə başlamaq lazımdır: “Mövcud vəziyyəti və nüvə silahının həqiqətən çəkindirici amil rolunu oynayan yeganə vasitə olduğunu nəzərə alsaq, nüvə çəkindirməsi gələcək müzakirələrin bir hissəsi ola bilər”.
Avrodiplomatiyanın rəhbərinin sözlərinə görə, nüvə çəkindirməsi ilə bağlı müzakirələr adətən Aİ ölkələrinin səlahiyyətinə daxildir, “lakin vəziyyətin kəskin şəkildə dəyişdiyi də göz qabağındadır”. Qəzet yazır ki, bununla belə, Kallas nüvə silahının yayılması məsələsinə və bununla bağlı risklərə ehtiyatla yanaşır. O qeyd edir ki, Avropa ölkələri nüvə silahını məhdudlaşdıran müqavilələrə qoşulublar. Kallas, həmçinin bildirib ki, Ukrayna üzrə sülh danışıqlarında Aİ-nin yeni nümayəndəsinə ehtiyac görmür, çünki Avropada artıq bunun üçün müvafiq təsisatlar mövcuddur.
Siyasi müşahidəçilərin sözlərinə görə, Kaya Kallasın bu açıqlamaları təkcə cari vəziyyətə reaksiya deyil, həm də Avropanın uzun illərdir toxunmaqdan çəkindiyi “nüvə tabu”sunun ehtiyatla gündəmə gətirilməsidir. Eyni zamanda, Kallasın fikirləri Ukrayna müharibəsi, ABŞ-da siyasi qeyri-müəyyənlik və NATO-nun gələcəyi ilə bağlı suallar fonunda səslənir. İkinci Dünya müharibəsindən sonra Avropa təhlükəsizliyini əsasən ABŞ-ın nüvə çətiri üzərində qurmuşdu. Bu model onilliklər boyu işlək olub, lakin son illərdə Vaşinqtonun daxili siyasəti və qlobal prioritetlərinin dəyişməsi Avropada ciddi narahatlıq yaradıb: “Bəs ABŞ bir gün bu öhdəlikləri zəiflədərsə?”. Kallasın “situasiya köklü şəkildə dəyişib” deməsi məhz bu narahatlığın diplomatik ifadəsidir.
Bəs “Nüvə silahı yeganə real çəkindirmədir” nə deməkdir? Bu cümləni mətnin ən kritik nöqtəsi hesab etmək olar. Ona görə ki, Kallas açıq şəkildə etiraf edir ki, klassik hərbi güc, sanksiyalar və diplomatik mexanizmlər nüvə silahına malik dövlətləri dayandırmaqda kifayət etmir. Ukrayna nümunəsi bunu Avropaya acı şəkildə göstərdi: Rusiya konvensional müharibə aparsa da, nüvə statusu sayəsində birbaşa NATO müdaxiləsindən qorunur. Qərb bütün dəstəyinə baxmayaraq, müharibəyə birbaşa daxil olmur. Bu reallıq Avropa elitasında belə bir sual doğurur: Əgər nüvə silahı olan dövlətlər toxunulmazdırsa, Avropa niyə tam nüvə asılılığı içində qalmalıdır?
Avropa nüvə çəkindirməsi real plandır, yoxsa ideoloji siqnal? Bu barədə Kallas çox diqqətli danışır. O, nüvə silahının yayılmasını müdafiə etmir, sadəcə “müzakirə olunmalıdır” deyir. Bu mühüm nüansdır. Hazırda Aİ-nin özünəməxsus vahid nüvə doktrinası yoxdur. Nüvə silahına malik cəmi iki üzvü var: Fransa və (Aİ-dən çıxsa da) Böyük Britaniya. Fransa nüvə arsenalını “Avropa nüvə qalxanı”na çevirmək ideyası illərdir müzakirə olunur, amma siyasi konsensus yoxdur. Kallasın açıqlaması bu ideyanın ilk dəfə bu səviyyədə legitim diskussiya mövzusuna çevrildiyini göstərir.
Kallasın yayılma risklərinə diqqət çəkməsi təsadüfi deyil. Çünki Avropa ölkələri Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) sadiqdir, “qoca qitə” nüvə silahının artmasının qlobal sabitliyi daha da təhlükəyə atdığını yaxşı anlayır. Bu səbəbdən söhbət çox güman ki, söhbət yeni nüvə silahları yaratmaqdan yox, Fransa və Britaniya nüvə potensialının Avropa miqyasında çəkindirmə mexanizminə inteqrasiyasından gedə bilər. Yəni bu, “Avropa atom bombası”ndan daha çox strateji məsuliyyətin bölüşdürülməsi müzakirəsidir.
Kallasın Ukrayna ilə bağlı ayrıca vurğusu da maraqlıdır. O, Aİ-nin ayrıca xüsusi nümayəndəyə ehtiyac duymadığını deyərək göstərir ki, Brüssel prosesə institusional səviyyədə nəzarəti saxlamaq istəyir. Avropa özünü kənar oyunçu deyil, birbaşa tərəf və təhlükəsizlik subyekti kimi görür. Bu da nüvə çəkindirməsi mövzusunun təsadüfi olmadığını sübut edir: Avropa artıq Ukrayna müharibəsini regional yox, öz varlığına yönəlmiş təhlükə kimi qiymətləndirir.
Beləliklə, Kaya Kallasın açıqlaması Avropanın hələ qərar vermədiyini, amma artıq köhnə təhlükəsizlik illüziyalarından oyandığını göstərir. Bu, dərhal nüvə silahlanmasına çağırış deyil, lakin çox aydın mesajdır: Avropa ABŞ-a tam güvənən, post-soyuq müharibə rahatlığında yaşaya bilməz. Bu açıqlama tarixə böyük ehtimalla belə düşəcək: Avropada nüvə çəkindirməsinin ilk dəfə açıq və legitim şəkildə müzakirəyə çıxarıldığı an kimi.
Səbuhi MƏMMƏDOV
XQ

