Savaş, yoxsa saziş?

post-img

Maskat görüşü ətrafında diplomatik münaqişə

İran və ABŞ arasındakı nüvə diplomatiyası hazırda tarixin ən kritik və mürəkkəb kəsişmələrindən birini yaşayır. Yayılan təkziblər və diplomatik manevrlər göstərir ki, tərəflər, sadəcə, bir saziş deyil, həm də Yaxın Şərqin yeni siyasi arxitekturasında öz yerlərini bərkitmək üçün mübarizə aparırlar.

İranın ABŞ ilə nüvə danışıqlarının təxirə salınması ilə bağlı xəbərləri təkzib etməsi tərəflər arasında diplomatik prosesin hələ də aktiv mərhələdə olduğunu göstərir. Xarici işlər naziri Abbas Əraqçinin açıqlaması Tehranın danışıqlardan imtina etmədiyini, əksinə, format və məkan məsələlərində daha əlverişli mövqe axtardığını ortaya qoyur. Maskatın seçilməsi də təsadüfi deyil, Oman uzun illərdir ABŞ–İran arasında etibarlı vasitəçi rolunu oynayır və tərəflər üçün “neytral diplomatik zona” sayılır.

“Axios”un yaydığı məlumatların əsas diqqətçəkən tərəfi isə danışıqların ləğvi deyil, format üzərində yaranan fikir ayrılığıdır. İranın Türkiyə variantını qəbul etməməsi və ikitərəfli formatda, Omanda görüş tələbi Tehranın prosesi maksimum nəzarətdə saxlamaq niyyətindən xəbər verir. Politoloqların sözlərinə görə, Türkiyənin regional çəkisinin artması fonunda İran bu ölkənin prosesdə əlavə siyasi dividend qazanmasını istəmir. Digər tərəfdən, ikitərəfli format İran üçün daha az təzyiq və daha çevik manevr imkanı deməkdir.

Vaşinqton üçün isə əsas məsələ danışıqların harada keçirilməsindən çox, nəticəyə aparan mexanizmin qorunmasıdır. ABŞ administrasiyası daxildə Konqres təzyiqləri, regionda isə İsrail və Körfəz müttəfiqlərinin narahatlıqları fonunda İranla hər hansı yumşalmanı ehtiyatla aparır. Buna görə də danışıqların gecikməsi ABŞ üçün risklidir, lakin onların tam dayanması daha böyük strateji problem yarada bilər.

Hazırkı mərhələdə tərəflərin mövqeləri belə formalaşır: İran sanksiyaların yumşaldılması və nüvə fəaliyyətinə qoyulan məhdudiyyətlərin real şəkildə azaldılmasını istəyir, ABŞ isə İranın zənginləşdirmə səviyyəsinə və regional davranışına daha sərt nəzarət mexanizmləri tələb edir. Bu ziddiyyətlər fonunda Maskat görüşü tərəflərin bir-birinin “qırmızı xətlərini” yenidən ölçməsi üçün mühüm sınaq olacaq.

Beləliklə, yayılan “təxirə salınma” xəbərləri daha çox taktiki informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Tehran danışıqlar masasında olduğunu göstərməklə beynəlxalq təzyiqləri azaltmağa, Vaşinqton isə prosesin davam etdiyini vurğulamaqla regional gərginliyin nəzarətdən çıxmasının qarşısını almağa çalışır. Maskatda baş tutacaq mümkün görüş isə nüvə sazişinin taleyindən çox, tərəflərin qarşılıqlı etimad qurmağa nə dərəcədə hazır olduğunu göstərəcək.

Səbuhi MƏMMƏDOV
XQ

Dünya