Qazaxıstan “Aktau Dəniz Limanı” xüsusi iqtisadi zonasının ərazisini genişləndirir

post-img

Qazaxıstanın Sənaye və Tikinti Nazirliyi “Aktau Dəniz Limanı” xüsusi iqtisadi zonasının (XİZ) ərazisinin genişləndirilməsi ilə bağlı layihəni açıqlayıb.

AZƏRTAC xəbər verir ki, sənəd Mangistau vilayətinin nəqliyyat-logistika potensialının inkişafı üçün əlavə torpaq sahələrinin xüsusi iqtisadi zonanın tərkibinə daxil edilməsini nəzərdə tutur.

Layihəyə uyğun olaraq, “Aktau Dəniz Limanı” XİZ-in ərazisinin Munayli rayonunun sənaye zonasındakı 187 hektar torpaq sahəsi, həmçinin “Yersay Kaspian Kontraktor” MMC-yə məxsus 382,614.8 hektar ərazi hesabına genişləndirilməsi planlaşdırılır. Genişləndirmənin ümumi sahəsi 569,614.8 hektar təşkil edəcək.

Xüsusi iqtisadi zonanın ərazisinin genişləndirilməsi Qazaxıstanın dəniz donanmasının, gəmiqayırma və gəmi təmiri sahələrinin inkişafına, tranzit və ixrac yükdaşımalarının həcminin artırılmasına, eləcə də liman xidmətlərinin spektrinin genişləndirilməsinə və keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Dünya