Türkiyənin hakim partiyası ABŞ-ın Venesueladakı hərəkətləri ilə razılaşmadığını bildirib

post-img

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) baş katibinin müavini və sözçüsü Ömər Çelik ABŞ-ın Venesuela rəhbərliyinə qarşı hərəkətləri ilə razılaşmadığını bildirib.

AZƏRTAC-ın məlumatına görə, Ömər Çelik sosial mediada yazıb: Ankara “beynəlxalq hüququ pozan və siyasi legitimlik prinsiplərini məhdudlaşdıran addımları bəyənmir”. “Venesueladakı hadisələrə yanaşmamız məhz bu prinsiplərə əsaslanır”, - deyə siyasətçi vurğulayıb və qeyd edib ki, AKP lideri Prezident Rəcəb Tayyib Ərdoğan və bütövlükdə hakim partiya bütün dövrlərdə beynəlxalq hüquq normaları, suverenlik və dövlətlərin ərazi bütövlüyünü müdafiə edib.

O.Çelik siyasi legitimliyin xalqın iradəsini əks etdirdiyini, hakimiyyət dəyişikliyinin isə yalnız ölkə vətəndaşlarının demokratik seçimi vasitəsilə mümkün olduğunu qeyd edib. “İstənilən digər hadisələr və proseslər Türkiyə tərəfindən təqdir oluna bilməz. Venesuelada siyasi legitimliyin yeganə mənbəyi bu ölkənin xalqı olaraq qalır. Heç bir kənar qüvvənin xalqın suveren qərarına müdaxilə etmək hüququ yoxdur”, - deyə AKP nümayəndəsi bildirib.

Dünya