Şimali Koreya 2026-cı ilin ilk raket sınağını keçirib

post-img

Yonhap xəbər agentliyinin məlumatına görə, Cənubi Koreya hərbi rəsmiləri Pxenyan ərazisindən atılan raketləri yerli vaxtla səhər 07:50 radələrində aşkar ediblər. Hərbçilərin bildirdiklərinə görə, raketlər təxminən 900 kilometr məsafə qət edib, Yaponiya Sahil Mühafizəsi isə ən azı bir raketin dənizə düşdüyünü təsdiqləyib. Hadisədən sonra Cənubi Koreya prezident aparatı təcili iclas keçirib.

Bu, Şimali Koreyanın 2026-cı ildəki ilk raket sınağıdır. Ötən il dekabrın 29-da isə Kim Çen In Sarı dənizə iki strateji qanadlı raketi atmışdı. Həmçinin oktyabrın 11-də Pxenyanda iki ildən sonra keçirilən hərbi paradda Hvasong-20 qitələrarası ballistik raketi təqdim olunub. Şimali Koreya dövlət media agentliyi onu “ən güclü nüvə strateji silahı” adlandırıb. Paradda hipersəs raketlər və digər silahlar da nümayiş etdirilib.

Eyni zamanda, Cənubi Koreya Prezidenti Li Ce Myonq bu gün Pekinə səfər edib. AFP-nin məlumatına görə, bu, Cənubi Koreya prezidentinin altı ildən sonra Çinə ilk rəsmi səfəridir. Dörd günlük səfər zamanı Li iqtisadi əlaqələrin gücləndirilməsinə fokuslanacaq. Agentlik bildirir ki, səfər zamanı Seul Çin sahillərindəki hərbi təlimlər kimi gərgin mövzulardan yayınmağa çalışacaq.

S.ELAY

XQ

 

Dünya