Bu günlərdə dünya yeni bir terror hadisəsi silkələndi. Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində ağır faciənin baş verdiyi barədə xəbər yayıldı. Faciə çimərlik ərazisində Hanuka bayramı şənlikləri zamanı baş verib. “Euronews” bildirib ki, qəfildən açılan davamlı atəşlər nəticəsində ən azı 16 nəfər həlak olub. Hakimiyyət orqanları hadisəni terror aktı adlandırıb.
Hadisədən dərhal sonra yerli polisin yaydığı məlumatda bildirilib ki, atəş açan terrorçulardan biri öldürülüb. Avstraliya hakimiyyəti bunu “yəhudi icmasını hədəf alan terror hücumu” elan edib.
Məlumata görə, atışma bazar günü yerli vaxtla saat 18:45 radələrində Sidneyin şərq ətrafındakı Bondi çimərliyində baş verib. Hər il keçirilən Hanuka bayramının ilk gecəsini qeyd etmək üçün keçirilən “Dəniz kənarında Hanuka” tədbirinə təxminən 1000 nəfər toplaşıb. Elə bu zaman qara geyimli iki silahlı şəxs çimərliyə aparan piyada körpüsündən uzun lüləli silahlarla atəş açmağa başlayıb və bu vəziyyət, təxminən, 10 dəqiqə davam edib.
Şahidlər bildiriblər ki, güllə yağışı altında yüzlərlə insan qum təpələrinin arxasından qonşu küçələrə qaçıb, bir çoxları əşyalarını ataraq xilas olmağa çalışıb, nəticədə ərazidə xaos və çaxnaşma yaranıb. 10 yaşdan 87 yaşa qədər azı 40 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 3 uşağın vəziyyətinin ağır olduğu bildirilir. Əməliyyat zamanı ağır yara almış 2 polis məmuru da xəstəxanada yaralılar arasındadır.
İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, qurbanlar arasında Xabad Bondi ravvininin köməkçisi və tədbirin əsas təşkilatçılarından olan ravvin Eli Şlanger, 12 yaşlı qız, Holokostdan sağ çıxmış Aleks Kleytman, Fransa vətəndaşı Dan Elkayam və başqa bir İsrail vətəndaşı da var.
Polis faciənin qarşısını almağa çalışıb, atəş açanlardan biri güllələnərək öldürülüb, digəri isə ağır yaralanıb.
Polis hücumçuların ata və oğul olduğunu müəyyən edib. 50 yaşlı ata hadisə yerində öldürülüb. Sidney ştatının polis komissarı Mel Lanyonun sözlərinə görə, 50 yaşlı ata son 10 ildə odlu silah saxlamaq üçün lisenziyaya sahib olub. Hücum yerində onun qeydiyyatdan keçmiş 6 silahı tapılıb. Güllə yarası almış 24 yaşlı oğul isə polis nəzarəti altında xəstəxanadadır, onun vəziyyəti orta-ağırdır.
Hücumçulardan birinin Avstraliyanın Bonniriqq şəhərindən olan Navid Əkrəm olduğu müəyyən edilib. Polis şübhəlilərdən biri ilə əlaqədar onun Bonniriqqdəki evində axtarış aparıb. Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Təşkilatının (ASIO) baş direktoru Mayk Burqess hücum edənlərdən birinin indiyədək hüquq-mühafizə orqanlarına məlum olduğunu, lakin hələ heç bir təhlükəli addım atmadığını təsdiqləyib.
Hakimiyyət orqanları əvvəlcə hücumda üçüncü şəxsin də iştirak etməsindən şübhələnsə də, sonrakı araşdırmalar bu ehtimalı rədd edib. Polis sonradan silahlı şəxslərdən biri ilə əlaqəli axtarış apararkən Campbell Parade küçəsindəki bir avtomobildən əldəqayırma partlayıcı qurğu taparaq müsadirə edib.
Hadisə ilə bağlı əldə edilmiş videoda ağ köynək geymiş bir kişinin atəş açanlardan birinə hücum edərək tüfəngini götürdüyü görünür. Avstraliya mediası onun ərazidəki meyvə köşkünün sahibi, Sidneydən olan 43 yaşlı Əhməd əl-Əhməd olduğunu müəyyənləşdirib. Hücumçulardan biri ilə əlbəyaxa olarkən əl-Əhməd 2 dəfə – qolundan və əlindən yaralanıb. O, əməliyyat olunub və hazırda sağ-salamatdır. Yeni Cənubi Uels əyalətinin baş naziri Kris Minns onu “əsl qəhrəman” adlandırıb: “Onun cəsarəti sayəsində bu gün çoxlu insan sağdır”.
Avstraliyanın Baş naziri Entoni Albanese isə hadisəni “təmiz şər əməli, terror aktı” adlandırıb. O, eyni zamanda, çimərlik faciəsindən sonra milli silah qanunvericiliyinin sərtləşdirilməsini təklif edib. Baş nazir jurnalistlərə bildirib: “Hökumət bütün zəruri tədbirləri görməyə hazırdır. Buraya silah qanunlarının sərtləşdirilməsi zərurəti də daxildir... İnsanların vəziyyəti dəyişə bilir. Zamanla insanlar radikallaşa bilirlər.Ona görə də silah lisenziyaları əbədi olmamalıdır”.
Baş nazir lisenziya sahibinin əldə edə biləcəyi silah sayı da daxil olmaqla, yeni məhdudiyyətlər hazırlamağın zəruri olduğunu bəyan edib.
Paşa ƏMİRCANOV
XQ

