Modi Kiprə niyə getdi?

post-img

İyunun 15-də Hindistanın baş naziri Narendra Modi Kanadada keçiriləcək G7 sammitinə yola düşməzdən əvvəl Kiprə iki günlük səfər etdi. Onu hava limanında Kipr prezidenti Nikos Xristodulidis qarşıladı. 74 yaşlı Hindistan lideri sosial şəbəkə X-də yunan dilində paylaşım edərək yazdı ki, “Bu səfər Hindistan–Kipr münasibətlərinə, xüsusilə ticarət, investisiyalar və digər sahələrdə əhəmiyyətli təkan verəcək”. Əlbəttə ki, səfərin əsas məqsədi tək bu sadalananlarla yekunlaşmır.

Narendrə Modinin Kiprə səfəri simvolik diplomatik jest olmaqla yanaşı, həm də daha dərin geosiyasi və iqtisadi məqsədlərlə müşayiət olunur. Bəs səfərin strateji aspektləri hansılardır? Mütəxəssislərin sözlərinə görə, Kiprə getməklə Modi G7 sammiti öncəsi Avropa İttifaqına ismarıc göndərmək istədi. Modinin Kanadadakı G7 sammitindən əvvəl Kiprə baş çəkməsi Avropa İttifaqının periferiyasında yerləşən bir ölkə ilə əlaqələri gücləndirmə cəhdidir. Bu, eyni zamanda, Hindistanın Avropa bazarlarında daha fəal rol oynamaq istədiyinin göstəricisi kimi də qiymətləndirilir.

Bundan başqa, səfərdə məqsəd geoiqtisadi maraqların qorunması və investisiya cəlbetməsidir. Ekspertlərin sözlərinə görə, Kipr kiçik olsa da, Avropa İttifaqının maliyyə qapısı funksiyasını yerinə yetirən ölkələrdən biridir. Hindistanın texnologiya, dərman sənayesi və enerji sahəsində sürətlə böyüyən iqtisadiyyatı Avropa bazarına çıxmaq üçün Kiprdə hüquqi və maliyyə platforması axtarır. İş adamları ilə görüş də bu kontekstdə, Hindistan kapitalı üçün Kipri “Qərbə qapı” kimi formalaşdırmaq məqsədi daşıyır.

Hindistanın Şərqi Aralıq dənizində də mövcudluğunu artırmaq istəyinə düşməsi heç kimə sir deyil. Bu mənada Kipr Aralıq dənizinin enerji təhlükəsizliyi və qaz ehtiyatları baxımından strateji nöqtələrindən biri sayılır. İsrail, Misir və Yunanıstanla sıx əməkdaşlıq edən Kiprin təbii qaz layihələrinə Hindistan da maraq göstərir. Yeni Delhi burada həm Avropa qaz bazarına çıxış, həm də geosiyasi təsir zonasını genişləndirmək istəyir.

Modinin Kiprə səfərini Hindistan–Yunanıstan–Ermənistan əlaqələri kontekstində balans yaratmaq cəhdi kimi də xarakterizə etmək olar. Hindistan son dövrlər Ermənistana silah satışı və hərbi-texniki əməkdaşlıqla gündəmə gəlib. Bu, regionda Azərbaycan və Türkiyənin narahatlığına səbəb olur. Kiprə səfər isə Hindistanın Aralıq dənizi–Qafqaz xəttində yeni geosiyasi tərəfdaşlar tapmaq planının bir hissəsi ola bilər. Kiprin Ermənistanla yaxın münasibətləri də bu xəttə əlavə kontekst qazandırır.

Nəhayət, Modinin səfərinin əsas məqsədlərindən biri də Çinin “Bir kəmər, bir yol layihəsinin balanslaşdırılmasına yönəlik diplomatik cəhdlərini gücləndirməkdir. Çin son illərdə Kipr limanlarında strateji maraqlar nümayiş etdirir. Hindistan isə Çinlə rəqabət şəraitində Avrasiya və Aralıq dənizi məkanında öz iqtisadi-diplomatik varlığını artırmağa çalışır. Modi administrasiyası üçün Kipr, Pekinlə rəqabətə girmədən, Avropada dayaq nöqtəsi formalaşdırmaq imkanı yarada bilər.

Bir sözlə, Narendra Modinin Kiprə səfəri, sadəcə, təkcə diplomatik jest deyil, həm də Hindistanın Avropa, Aralıq dənizi və Yaxın Şərq istiqamətində yeni xarici siyasət arxitekturasının fraqmentidir. Bu səfər təkcə Kiprlə deyil, həm də Avropa İttifaqı və Aralıq dənizi regionunda yerləşən digər dövlətlərlə strateji yaxınlaşmanın siqnalıdır. Modi Kiprdə ticarət və investisiya sahələrində dialoqu gücləndirərək, Hindistanı Qərb iqtisadi və siyasi strukturlarına yaxınlaşdırmaq istəyir.

Bu da bir faktdır ki, Yeni Dehli Aralıq dənizi və Cənubi Qafqaz kimi ənənəvi geosiyasi maraq dairələrindən kənarda olan regionlarda da öz mövcudluğunu genişləndirmək istəyir. Bu meyil Hindistanın artan enerji və təhlükəsizlik ehtiyacları, ticarət marşrutlarının şaxələndirilməsi və geosiyasi nüfuz ambisiyaları ilə izah olunur. Lakin bu cəhdlərin uğurla nəticələnməsi yalnız qlobal ambisiyalarla deyil, həm də yerli güc mərkəzləri ilə koordinasiyalı siyasətlə mümkündür. Xüsusilə Türkiyə və Azərbaycanın geosiyasi mövqeyi və hərbi-siyasi gücü nəzərə alındıqda, Hindistanın bu iki aktoru gözardı etməsi onun regional strategiyalarında ciddi əngəllərə səbəb ola bilər.

Türkiyə Aralıq dənizi regionunda həm NATO üzvü, həm də regional güc olaraq mühüm aktordur. Onun Şərqi Aralıq dənizində qaz ehtiyatları uğrunda apardığı mübarizə, Liviya və Suriya kimi münaqişə bölgələrindəki aktivliyi, eyni zamanda, Avropa və Asiyanın kəsişməsində yerləşməsi Hindistanın bölgədəki təsirini ciddi şəkildə çərçivələndirir. Ankara öz maraqlarına təhdid kimi qiymətləndirilən istənilən xarici təşəbbüsə sərt cavab vermək iqtidarındadır.

Azərbaycan enerji resursları, nəqliyyat dəhlizləri və Türkiyə ilə dərinləşən hərbi-siyasi müttəfiqliyi ilə Cənubi Qafqazda aparıcı aktordur. “Zəngəzur dəhlizi”, Bakı–Tbilisi–Qars dəmir yolu və TANAP kimi layihələr regionun gələcəyində Azərbaycanın rolunu daha da artırır. Hindistanın Ermənistana yönəlik strateji əməkdaşlıq cəhdləri isə Bakı tərəfindən balans pozucu yanaşma kimi qiymətləndirilir və bu, qarşılıqlı etimadı zəiflədir.

Buna görə də, Türkiyə və Azərbaycanla əlaqələrin nəzərə alınmadığı, xüsusilə Ermənistan və Kipr kimi dövlətlərlə eksklüziv əməkdaşlıq formatlarına üstünlük verildiyi halda, Hindistan yalnız regional müqavimətlə deyil, həm də rəqiblərinin fəallaşması ilə qarşılaşacaq. Geosiyasi tarazlıq, maraqların uzlaşdırılması və mehriban diplomatiya olmadan Hindistanın bu regionlardakı strategiyaları ya dayanacaq, ya da başqa güclərin möhkəmlənməsinə şərait yaradacaq. Bu baxımdan, Yeni Dehlidə strateji düşüncə mərkəzlərinin və qərarverici dairələrin Türkiyə və Azərbaycanın mövqelərini sistemli şəkildə nəzərə alması Hindistanın regional siyasətinin uğurunu müəyyənləşdirən əsas şərtdir.

Səbuhi MƏMMƏDOV
XQ

Dünya