Fərqliliklər isə kifayət qədər çoxdur
Planetimizdə əhalinin sayı sürətlə artır. Demoqrafların hesablamalarına görə, dünya əhalisi bu sürətlə artmağa davam etsə, 2040-cı ildə planetimizdə 10 milyard insan yaşayacaq. Böyük Britaniyada nəşr olunan “The New England Magazine” jurnalında bu yaxınlarda dərc olunan hesabatda qeyd olunub ki, hazırda Yer kürəsində 8 milyarda yaxın insan yaşayır.
Adıçəkilən nəşr planetimizdə əhalinin inkişafı ilə bağlı mövcud vəziyyəti oxucuları daha sadə və aydın olsun, – deyə əsasən faizlərlə təqdim edib. Beləliklə, Yer kürəsindəki 8 milyard insanın 11 faizi Avropada yerləşir. 5 faizi Amerika materikinin şimalında, 9 faizi isə cənubunda məskunlaşıb. Dünya əhalisinin 15 faizi “Qara qitə”nin payına düşür. Əhalinin ən sıx məskunlaşdığı qitə isə Asiyadır. Belə ki, dünyadakı bütün insanların 60 faizi məhz “Sarı qitə”də yaşayır.
Planetimizdə urbanizasiya prosesi sürətlənir. Hazırda ümumi əhalinin 49 faizi kəndlərdə, 51 faizi şəhərlərdə yaşayır. Əvvəlki onilliklərdə bu nisbət kəndin xeyrinə idi. Üstəlik, bu proses ilbəil sürətlənir. Əhalinin mənzillə təminat məsələsində pozitiv dəyişikliklər baş verir. Hazırda dünyada ailələrin 77 faizinin yaşamaq üçün başının üstündə, obrazlı desək, “damı” var. 23 faizin isə qalmağa öz yeri yoxdur, onlar ya kirayədə qalır, ya da küçələrdə gecələyirlər.
Yer kürəsində insanların 63 faizi ərzaq sarıdan çətinlik çəkmir. 15 faiz isə normal qidalana bilmir. “Qarınqulu”ların sayı isə azalmır. 21 faiz normadan çox yeyir. Artıq çəkidən əziyyət çəkənlərin sayı isə həkimlərin “həyəcan təbili” çalmalarına baxmayaraq, durmadan artır.
Əhalinin 87 faizi içməli sudan korluq çəkmir. 13 faizin isə şəraiti yoxdur, yaxud çirklənmiş su mənbələrindən istifadə etməyə məcbur qalıb. Gələcəkdə içməli su çatışmazlığı özünü kəskin surətdə göstərəcək. Ölkələr arasında su mənbələrinə çıxış uğrunda müharibələr də başlaya bilər.
İnsanların dörddə üçünün mobil telefonu var. 25 faizinin belə bir imkanı yoxdur. Çoxlarımıza elə gəlir ki, internetdən istifadə etməyən az ailə tapmaq olar. Əsla, belə deyil. Belə ki, yalnız 30 faiz insanın internetə çıxışı var. Qalan 70 faizin internetə daxil olmaq şəraiti yoxdur.
Dünyada ali təhsilli insanların sayı faiz etibarilə yüksək deyil, yalnız 7 faiz ali təhsillidir. Belə çıxır ki, əhalinin 93 faizi heç vaxt kollec və ya universitetlərdə oxumayıb. 83 faiz tam sərbəst oxuyub-yaza bilir, 17 faiz isə tam savadsızdır.
İnsanların dini mənsubiyyətləri ilə bağlı biliklər də çoxlarında maraq doğurur. Dünya əhalisinin 33 faizini xristianlar, 22 faizini müsəlmanlar, 14 faizini hindular, 7 faizini buddistlər, 12 faizini digər dinlərə sitayiş edənlər təşkil edir. Yer kürəsində məskunlaşan 12 faiz insanın heç biri dini mənsubiyyəti yoxdur.
Dünyada ölüm faizləri də, təəssüf ki, yüksəkdir. Hesablanıb ki, insanların 26 faizi həyatda 14 ildən az yaşayır, 66 faizi 15–64 yaş arasında ölür, cəmi 8 faiz 65 yaşdan yuxarı insanlardır. Müdriklər, adətən, deyirlər ki, əgər insanın özəl yaşayış yeri varsa, sağlam qida və təmiz sudan istifadə edə bilirsə, taledən şikayət etməyə dəyməz. Necə deyərlər, yuxarı baxıb gileylənməkdənsə, aşağıya baxıb şükür etmək məsləhətdir.
Hesablanıb ki, Yer kürəsində 5 mindən çox xalq yaşayır. İnsanların 12 faizi çin dilində, 5 faizi ispan, 3 faizi isə portuqal, ərəb, benqal, hind, türk dillərində danışır. Elə dillər var ki, həmin dillə danışanların sayı günbəgün azalır.
Göründüyü kimi, Yer kürəsi insanların dil və dini mənsubiyyətlərinə, təbii sərvətlərə çıxış imkanlarına, yaşayış səviyyəsinə və s. parametrlərə görə çox rəngarəngdir. Yadımdadır, 1970-ci illərin axırlarında tələbəsi olduğum Moskva Dövlət Universitetində kosmonavtlarla tez-tez görüşlər keçirilərdi. Belə görüşlərin birində kosmonavtlardan biri dedi ki, o, səmada, ilk növbədə, saysız-hesabsız obyektlər arasında Yer planetini axtarıb. Futbol topundan bir qədər böyük görünən Yer adlı ulduzun onun üçün nə qədər doğma olduğunu bir daha hiss edib.
Bəli, sakini olduğumuz qalaktikada yerləşən milyardlarla ulduz arasında yalnız bizim planetimizdə dünyanın əşrəfi sayılan insanlar yaşayıb yaradırlar. Gəlin Allahın hər birimizə lütf etdiyi bu nadir şansı layiqincə dəyərləndirək və ən azı, həyatda olmağımıza görə şükür edək!
M.HACIXANLI
XQ