Rusiya-Ukrayna danışıqları üçün İstanbulun seçilməsinin səbəbləri məlum olub

post-img

Mayın 15-də keçirilməsi planlaşdırılan Rusiya və Ukrayna arasındakı danışıqların İstanbulda baş tutacağı bildirilib.

AZƏRTAC xəbər verir ki, rusiyalı ekspertlərin fikrincə, bu danışıqlar üçün məkan olaraq Türkiyənin seçilməsi bir neçə amillə izah olunur. Moskva dialoqa sıfırdan deyil, 2022-ci ilin mart ayında Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılmış əvvəlki danışıqlarda əldə olunmuş razılaşmalar əsasında başlamağa ümid edir.

Siyasi ekspert Sergey Markovun sözlərinə görə, Türkiyə neytral mövqeyini qoruyur, yüksək səviyyəli danışıqların aparılması üçün zəruri infrastruktura malikdir və Moskva ilə Kiyev arasında əlverişli logistik məntəqə sayılır. İstanbulda Türkiyə Prezidentinin rezidensiyaları da yerləşir və bu da təhlükəsizlik baxımından yüksək səviyyəni təmin edir.

Markovun fikrincə, Rusiya Prezidenti Vladimir Putin danışıqlarda şəxsi iştirakını istisna etmir, lakin bu barədə yekun qərar bir sıra amillərdən asılı olacaq. Həmin amillərə ABŞ Prezidenti Donald Trampın ikitərəfli görüşə hazırlığını və Ukrayna tərəfinin danışıqları pozmayacağına dair zəmanətlərin verilməsi daxildir.

Rusiyalı politoloq hesab edir ki, danışıqlar zamanı əlavə təhlükəsizlik tədbirləri də müzakirə olunur. Bu tədbirlər Rusiya tərəfinin diplomatik dialoq çərçivəsində irəli sürdüyü qapalı formatda keçiriləcək görüş şərtlərini əhatə edir.

Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Moskvanın danışıqlarda məsuliyyətli iştirak etməyə hazır olduğunu təsdiqləyib.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi, general Keyt Kelloq Rusiya və Ukrayna arasında İstanbulda baş tutacaq mümkün birbaşa danışıqları “möhtəşəm görüş” adlandırıb. Onun sözlərinə görə, ABŞ Prezident Vladimir Putinin danışıqlarda iştirak edəcəyinə ümid edir. Bu halda Donald Tramp da İstanbula gələcək.

Kellog qeyd edib ki, danışıqlarda irəliləyiş əldə olunmazsa, ABŞ Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etmək imkanlarını nəzərdən keçirəcək.

Bu arada İstanbulda qarşıdakı danışıqlara hazırlıqlar tam başa çatıb. Ankaradakı diplomatik mənbənin Rusiya mediasına bildirdiyinə görə, Rusiya və Ukrayna nümayəndə heyətləri qapalı formatda görüş keçirəcək. Təhlükəsizliklə bağlı bütün məsələlər tam həll olunub.

Dünya