Cənubi Koreyanın sabiq prezidenti rüşvətxorluqda ittiham olunur

post-img

Cənubi Koreya Prokurorluğu ölkənin sabiq prezidenti Mun Çje İni rüşvətxorluqda ittiham edir.

AZƏRTAC xəbər verir ki, Mun Çje İn kürəkənini Tailand aviaşirkətində işə düzəltməsi ilə əlaqədar rüşvətxorluqda günahlandırılır.

İddialara görə, 2017-2022-ci illərdə prezident vəzifəsində çalışan Mun Çje İn 2018-ci ildə kürəkənini aviaşirkətdə yüksəkmaaşlı işə götürülməsi üçün şərait yaradıb. Kompaniyaya dövlət başçısı tərəfindən hökumət vəzifəsinə təyin edilən deputat nəzarət edirdi. İxtisasına uyğun gəlməməsi və aviaşirkətin yüksəksəviyyəli işçiyə ehtiyacı olmamasına baxmayaraq, prezidentin kürəkənini işə götürmək müqabilində millət vəkilinə hökumət vəzifəsi verildiyi güman olunur. Prokurorluq aviakompaniyadan kürəkənə verilən maaş və digər ödənişləri rüşvət forması kimi qiymətləndirib. 2018-ci ilin avqustundan 2020-ci ilin aprel ayınadək qeyri-qanuni əldə edilən müavinətlərin məbləğinin 218 milyon von (təxminən 152 min dollar) olduğu ehtimal edilir.

Mun Çje İnlə yanaşı, “Thai Eastar Jet” aviaşirkətini təsis edən və Koreyanın Kiçik və Orta Bizneslər və Startaplar Agentliyinin rəhbəri təyin olunan sabiq deputata qarşı da ittihamlar irəli sürülüb. Sabiq dövlət başçısının qızı və kürəkəni isə məsuliyyətə cəlb olunmayıb.

Dünya