İŞİD terror təşkilatı ilə əlaqəsi olan şəxslərin müəyyən edilməsi əməliyyatları çərçivəsində Türkiyənin 17 vilayətində 89 şübhəli saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazirin sözlərinə görə, əməliyyat Kahramanmaraş, Antalya, İstanbul vilayətlərini əhatə edib və prokurorluqla razılaşdırılıb.
Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz əvvəllər bəyan etmişdi ki, İŞİD terrorçuları ilə mübarizə məqsədilə Türkiyə ilə yanaşı, İraq, Suriya, İordaniya və Livanın da iştirakı ilə regional terrorla mübarizə mexanizmi formalaşdırılıb.
Yılmaz Ankaranın İŞİD təhlükəsini çox ciddi qəbul etdiyini və bu məsələdə qonşu dövlətlərə fəal dəstək verməyə hazır olduğunu vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara