Türkiyənin ticarət naziri Dəməşqə səfər edəcək

post-img

Türkiyənin ticarət naziri Ömer Bolat aprelin 16-da Ankaradan Dəməşqə səfər edəcək. O, qonşu ölkənin hökumət və işgüzar dairələrinin nümayəndələri ilə danışıqlar aparacaq.

AZƏRTAC xəbər verir ki, ikigünlük danışıqların gündəliyində iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və gömrük, nəqliyyat və energetika sahələrində investisiyaların genişləndirilməsi məsələləri yer alır. Xüsusi diqqət Türkiyə-Suriya sərhədindəki gömrük-keçid məntəqələrinin modernləşdirilməsinə və gömrük rüsumlarının yenidən nəzərdən keçirilməsinə yönəldiləcək.

Suriyada rejim dəyişəndən sonra Türkiyə hakimiyyəti Suriya iqtisadiyyatının bərpasına dəstək məqsədilə bir sıra addımlar atıb.

Fevral ayının əvvəlində iki ölkə arasında Bəşər Əsədin dövründə tətbiq edilən gömrük prosedurlarına dair məhdudiyyətlər ləğv olunub.

Bununla yanaşı, Türkiyə Dəməşqdə ticarət nümayəndəliyi açıb və Hələbdəki ticarət attaşesinin nümayəndəliyini genişləndirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Dünya