Myanmada güclü zəlzələdən sonra dağıntıların təmizlənməsi davam edir. Hazırda 1002 nəfərin öldüyü bildirilir. Bu barədə Reuters yazır.
Xarici xilasetmə qruplarının sağ qalanların axtarışına kömək etmək üçün artıq Myanmaya uçmağa başladığı bildirilir.
Agentlik bildirir ki, zəlzələ nəticəsində Taylandda da azı 9 nəfər ölüb. Hadisə nəticəsində 30 nəfər dağıntılar altında qalıb, 49 nəfər isə itkin düşüb.
ABŞ Geoloji Xidmətinin proqnozlaşdırıcı modelləşdirməsi göstərib ki, Myanmada ölənlərin sayı 10 000 nəfəri keçə bilər, itkilər isə ölkənin illik iqtisadi məhsuldarlığını üstələyir.
Xatırladaq ki, martın 28-də Asiyanın cənub-şərqində 7,7 bal gücündə güclü zəlzələ baş verib. Zəlzələnin episentri Myanmada 10 kilometr dərinlikdə olub, yeraltı təkanlar Tayland və Çində də hiss olunub. Zəlzələnin ardınca da güclü afterşok baş verib.
Zəlzələnin episentri Myanmanın ikinci ən böyük şəhəri olan və təxminən 1,5 milyon insanın yaşadığı Mandalay şəhəri yaxınlığında olub.
Zəlzələ Myanmada yollara, körpülərə və binalara ziyan vurub, Taylandın paytaxtı Banqkokda isə tikintisi başa çatmamış göydələn uçub.
S.ELAY
XQ