Ukraynalı ekspert: Tramp-Putin razılaşmasının detalları açıqlanmalıdır

post-img

ABŞ və Rusiya prezidentləri Tramp və Putin arasında danışıqların nəticələrindən aydın oldu ki, rəsmi Moskva Tramp Administrasiyasının 30 günlük atəşkəs rejimi təklifini qəbul etməyib.

Bu fikri AZƏRTAC-a açıqlamasında Ukraynalı siyasi ekspert İvan Us söyləyib.

“Telefon danışığından sonra ABŞ və Rusiya tərəflərinin rəsmi açıqlamalarında uyğunsuzluğu gördük. Hər iki ölkənin açıqlamasında yalnız enerji infrastrukturlarının vurulmamasına dair razılaşmanın əldə olunmasına dair fikirlər uyğun gəldi. Baxmayaraq ki, ABŞ 30 gün ərzində tam atəşkəsin əldə olunmasını təklif etmişdi. Görünür, Rusiya bu təkliflə razılaşmayıb. Ancaq enerji infrastrukturlarına zərbələrin endirilməməsinə dair razılıq olub. Həmçinin bundan sonra Qara dəniz hövzəsində atəşkəsin əldə olunmasına dair danışıqların davam etdirilməsi razılaşdırılıb. ABŞ və Rusiya razılaşmasında yalnız bu versiya var. Lakin Rusiya bəyanatında Ukraynaya hərbi yardımların və kəşfiyyat məlumatlarının verilməsinin dayandırılması, Ukrayna ordusunun şəxsi heyətinin sayının artırılması və səfərbərlik prosesinin dayandırılması kimi tələblər olsa da, ABŞ tərəfi bu barədə hər hansı açıqlama verməyib”, - deyə ukraynalı ekspert əlavə edib.

İvan Us Tramp və Putin arasında danışığın detallarının açıqlanmasının vacibliyini qeyd edib.

“Görünür, yaxın günlərdə danışıqların detalları aydın olacaq. Hələlik aydın olan isə odur ki, Putinin 30 günlük atəşkəsə razılıq verməyib. Enerji infrastrukturlarına zərbələrin endirilməməsinə dair razılığın verilməsinin sözdə yox, əməldə olacağını isə yaxın günlərdə görəcəyik”, - deyə İvan Us vurğulayıb.

 
Emil Hüseynli 

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Dünya