MDB parlamentariləri radioaktiv tullantıların idarə edilməsi haqqında Qanun layihəsini təsdiq ediblər

post-img

MDB Parlamentlərarası Assambleyasının (MDB PA) Astanada keçirilən iclasında radioaktiv tullantıların idarə edilməsi haqqında Qanun layihəsi təsdiq edilib.

AZƏRTAC MDB İcraiyyə Komitəsinin məlumatına istinadla xəbər verir ki, sənəd nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığın mühüm sahəsi olan radioaktiv tullantıların idarə olunması sahəsində Birlik ölkələrinin normaları, qaydaları və texniki reqlamentlərinin uyğunlaşdırılması məqsədi daşıyır.

Məlumatda qeyd olunur ki, MDB Parlamentlərarası Assambleyasının aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə Daimi komissiyasının iclası Qazaxıstan Respublikası parlamenti Senatının Aqrar məsələlər, təbiətdən istifadə və kənd yerlərinin inkişafı Komitəsinin katibi Olqa Bulavkinanın rəhbərliyi ilə keçirilib.

İclasda Birlik və digər ölkələrdən deputatlar və senatorlar, aidiyyəti idarə və orqanların, işgüzar dairələrin, beynəlxalq və ekoloji təşkilatların nümayəndələri, ekspertlər, alimlər iştirak ediblər.

Rusiyanın Federasiya Şurasının Aqrar və ərzaq siyasəti və ekoloji idarəetmə Komitəsinin sədr müavini Olqa Saxarovanın sözlərinə görə, elektrik nəqliyyatının, litium və akkumulyatorlarla bağlı texnologiyaların tətbiqi, şübhəsiz ki, havanın keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcək. Bununla belə, bu yeniliklərin gələcəkdə təkrar emal proseslərinə necə təsir edəcəyini düşünmək lazımdır. İlk növbədə, təhlükəli radioaktiv tullantıların vurduğu ziyan nəzərə alınmalıdır.

İclasda “Radioaktiv tullantılarla işləmə haqqında” qanun layihəsi təsdiq edilib. Bildirilib ki, bəzi Birlik ölkələrində radioaktiv tullantıların utilizasiyası üçün heç bir meyar yoxdur. Bu, region dövlətlərinin onları uzun illər saxlamağa məcbur olmasına gətirib çıxarır, ətraf mühitin vəziyyətinə və əhalinin sağlamlığına mənfi təsir göstərir.

Mütəxəssislərin fikrincə, nüvə və radiasiya texnologiyalarının inkişafı üzrə milli proqramların uğurlu işləməsi üçün radioaktiv tullantıların emalı üzrə vahid siyasətin yaradılması lazımdır.

Qərara alınıb ki, sənəd plenar iclasda baxılması üçün MDB PA Şurasına təqdim edilsin.

Dünya