Rusiya Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üçün “dəmir-beton” təhlükəsizlik qarantiyaları tələb edir

post-img

Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə həll olunacağı təqdirdə “dəmir-beton” təhlükəsizlik qarantiyaları almaqda israr edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko “İzvestiya” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu təminatların əsas müddəalarından biri Ukraynanın neytral statusu, eləcə də NATO-nun bu ölkənin alyansa qoşulmasına icazə verməməsi olmalıdır. O qeyd edib ki, bu prinsip əvvəllər təklif olunan saziş layihələrində artıq öz əksini tapıb.

Rusiya XİN rəhbərinin müavini vurğulayıb: “Müzakirələrə gəlincə, əlbəttə ki, onlar bu gün aparılmır, çünki danışıqlar keçirilmir”.

A.Qruşko qəzetə verdiyi müsahibədə qeyd edib ki, hazırda Rusiya ilə NATO arasında dialoqun bərpası üçün heç bir əsas yoxdur. Alyans, hətta terrorla mübarizə kimi ümumi maraqlara malik sahələrdə belə Rusiyaya tərəfdaş kimi baxmağı dayandırıb və indi onu birbaşa təhlükə kimi görür, eyni zamanda, hərbi üstünlük əldə etməyə çalışır. O, həmçinin vurğulayıb ki, NATO kontingentinin Ukrayna ərazisinə yerləşdirilməsi onların hansı bayraq altında fəaliyyət göstərməsindən asılı olmayaraq, münaqişədə birbaşa iştirak kimi qiymətləndiriləcək. Rusiya xarici işlər nazirinin müavininin sözlərinə görə, sülh sazişinə beynəlxalq dəstəyin müzakirəsi, o cümlədən silahsız müşahidəçilərin və ya mülki missiyaların mümkün iştirakı yalnız sənədin özü hazırlandıqdan və tərəflərin qarşılıqlı razılığı ilə aktual olacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Dünya