Seul məhkəməsi Cənubi Koreya Prezidenti Yun Sok Yolun həbsdən azad olunması ilə bağlı müraciətinə baxaraq təsdiqləyib.
AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, dekabrın 3-də ölkədə elan edilmiş hərbi vəziyyətlə əlaqədar başlanmış cinayət işi çərçivəsində saxlanılmış Prezident Yun Sok Yol müraciətində həbsinin qanunsuz olduğunu əsaslandırıb.
Yun Sok Yolun ittiham olunduğu cinayət işi üzrə ilk məhkəmə iclası fevralın 20-də keçirilib. Həmin iclasda da Prezidentin həbsdən azad edilməsinə dair müraciətinə baxılıb. Onun vəkilləri Prezidentin həbsdə saxlanılmasının qanunsuz olduğunu iddia etsə də, prokurorluq bu iddianı rədd edib. Prokurorlar sərbəst buraxılacağı halda Prezidentin cinayət işi üzrə sübutları məhv edəcəyini düşünür. Məhkəmə hər iki tərəfə növbəti 10 gün ərzində əlavə rəy bildirməyi əmr etmişdi.
Qeyd edək ki, Prezident Yun Sok Yol dekabrın 3-də elan etdiyi hərbi vəziyyətlə əlaqədar başlanmış istintaq çərçivəsində yanvarın 15-də saxlanılıb. Prezident Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin apardığı istintaq müddətində suallara cavab verməkdən imtina edib. Sonradan istintaq prokurorluğa ötürülüb. Prokurorluq kifayət qədər dəlil olduğu üçün Prezidenti ölkədə qiyamın təşkilində təqsirli bilərək, rəsmi ittiham elan edib. Əgər məhkəmənin gedişində Prezidentin cinayət əməlləri sübuta yetirilərsə, o, ya ömürlük azadlıqdan məhrumetmə, ya da edam cəzasına məhkum ediləcək.
Dekabrın 14-də müxalifətin üstünlük təşkil etdiyi parlament Yun Sok Yol haqqında impiçment qərarı qəbul edib. O, hazırda səlahiyyətlərini icra etməsə də, Konstitusiya Məhkəməsi hələ impiçmentə dair yekun qərar verməyib. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi 180 gün ərzində parlamentin impiçment qərarına baxaraq ya təsdiqləməli, ya da rədd etməlidir. Yanvarın 14-də Konstitusiya Məhkəməsində impiçment məsələsi ilə əlaqədar başlayan proses hazırda yekun mərhələdədir və yaxın günlərdə qərar elan olunacaq. Məhkəmə impiçmenti təsdiqləsə, 60 gün ərzində növbədənkənar prezident seçkisi keçirilməlidir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin