Sorğu: Kiyev sakinləri arasında Ukraynanın qələbəsinə inananlar azalıb

post-img

Kiyev sakinlərinin əksəriyyəti Ukraynanın müharibədəki qələbəsinə nikbin baxırlar, lakin inananların sayı azalıb. Bununla yanaşı, getdikcə daha çox respondent müharibənin il ərzində bitəcəyinə inanır.

Bu barədə AZƏRTAC Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) keçirdiyi sorğunun məlumatlarına istinadla xəbər verir.

Kiyev sakinlərinin 77 faizi Ukraynanın qələbəsinə inanır. 2024-cü ilin mayında bu göstərici 85 təşkil edib. Bununla belə, Ukraynanın qələbəsinə tam əmin olanların sayında azalma daha nəzərəçarpacaq dərəcədədir – 58 faizdən 44 faizə qədər.

Eyni zamanda, Rusiyanın qələbəsinə inananların payı 5 faiz (2024-cü ilin mayında – 3 faiz) təşkil edir. Qərarsızlar – 18 faizdir (2024-cü ilin mayında – 11 faiz).

Respondentlərdən müharibənin nə qədər davam edəcəyini düşündükləri də soruşulub. 2024-cü ilin may ayı ilə müqayisədə, müharibənin bir ildən çox davam edəcəyinə inananların sayı 66 faizdən 51 faizə enib. Eyni zamanda, müharibənin bir ilə qədər davam edəcəyinə inananların sayı 24 faizdən 38 faizə yüksəlib (əsasən cavablar təxminən altı aydan bir ilə qədər olub).

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Dünya