ABŞ Prezidenti Donald Trampın ətrafından olan dörd nəfər Kiyevdə Ukraynanın dövlət başçısı Volodimir Zelenskinin bəzi əsas siyasi opponentləri ilə gizli danışıqlar aparıb.
AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə üç ukraynalı deputata və amerikalı xarici siyasət ekspertinə istinadla məlumat yayıb.
Məlumata görə, Donald Trampın yüksək vəzifəli nümayəndələri Ukraynanın sabiq prezidenti Petr Poroşenkonun partiyasının üzvləri və müxalifət lideri Yuliya Timoşenko ilə görüşüblər. Görüşlərdə Ukraynada hələ də qüvvədə olan hərbi vəziyyətə görə təxirə salınan prezident seçkilərinin tez bir zamanda keçirilməsinin mümkünlüyü müzakirə olunub.
“Qeyri-rəsmi kanallar vasitəsilə müzakirə olunan bütün planların açarı müvəqqəti atəşkəs haqqında razılaşma əldə edildikdən sonra, sülh danışıqlarına başlamamış Ukraynada prezident seçkilərinin keçirilməsidir”, - deyə nəşr vurğulayır.
Donald Trampın köməkçiləri əmindirlər ki, müharibə yorğunluğu və korrupsiya səbəbindən qaynaqlanan ictimai məyusluğa görə Volodimir Zelenski seçici dəstəyini itirəcək. Lakin Böyük Britaniyanın “Survation” sosiologiya agentliyinin bu həftə keçirdiyi sorğunun nəticələrinə əsasən, ukraynalıların 44 faizi prezident seçkilərində Zelenskinin namizədliyini dəstəkləyəcək. Prezidentdən 20 faiz səslə geridə qalan quru qoşunlarının sabiq komandanı, hazırda isə Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı dəstək səviyyəsinə görə ikinci yerdə qərarlaşıb. Həmçinin respondentlərin 10 faizi Petro Poroşenkonu, 5,7 faizi isə Yuliya Timoşenkonu dəstəkləyib.