ABŞ mətbuatında soydaşımız haqqında məqalə dərc olunub

post-img

ABŞ-nin Meyn ştatındakı Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədov haqqında məqalə yayımlanıb. Yazı “amjamboafrica.com” xəbər saytında verilib. 

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, məqalədə cəmiyyətin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil etdiyi tədbirdən bəhs olunub. Eyni zamanda, tədbir iştirakçılarının cəmiyyətin rəhbəri haqqında fikirlərinə, Tərlan Əhmədovun rəhbərlik etdiyi təşkilatın fəaliyyət ilə bağlı müsahibəsinə yer verilib.

Nyu-Yorkda yaşayan tanınmış azərbaycanlı müğənni Veronika Yakubova tədbirlə bağlı öz fikirlərini bölüşüb: “Belə tədbirlərin keçirilməsi icmalar arasında əlaqələrin qurulması baxımından olduqca əhəmiyyətlidir”.

Məqalədə ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü Deqa Dalakın ötən il Tərlan Əhmədovun müşayiəti ilə ölkəmizə səfəri ilə bağlı xoş təəssüratları yer alıb. O, Azərbaycanı öz iqtisadiyyatını gücləndirmək məqsədilə xarici sərmayə cəlb edən bir ölkə olduğunu vurğulayıb.

Məqalədə Tərlan Əhmədovun uzun illər ABŞ-ın Qaçqınlar və İmmiqrasiya İdarəsində çalışdığı dövrdə müxtəlif dövlətlərdən olan immiqrantlara dəstək göstərməsi, icmalarla sıx əlaqələr qurması da işıqlandırılıb.

 

P.ƏMİRCANOV

XQ

Dünya