Britaniya hökuməti “Apple” istifadəçilərinin şifrələnmiş məlumatlarına giriş tələb edib

post-img

Böyük Britaniya hökuməti “Apple” istifadəçilərinin dünya üzrə bulud xidmətində saxlanılan şifrələnmiş məlumatlarına giriş tələb edib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hüquqi baxımdan Daxili İşlər Nazirliyi (Home Office) bu tələbi İstintaq Səlahiyyətləri Aktı (Investigatory Powers Act) çərçivəsində irəli sürüb.

“Apple” məsələ ilə bağlı hər hansı rəsmi şərh verməkdən imtina edib. Bu tələbin “Apple”ın İrəliləmiş Məlumat Qoruma sistemi ilə şifrələnmiş bütün datalara şamil edildiyi bildirilir. Bu sistemin əsas xüsusiyyəti ondan ibarətdir ki, məlumatlar yalnız istifadəçi üçün əlçatan olur, hətta “Apple” özü belə bu datalara giriş əldə edə bilmir.

Qeyd edək ki, bu xidmət istəyə bağlıdır və bütün istifadəçilər onu aktivləşdirmir. Əgər bir istifadəçi hesabına girişini itirərsə, əlavə şifrələmə səbəbindən məlumatlarını bərpa etmək mümkün olmur.

“Apple” bundan əvvəl də təhlükəsizlik xidmətlərini zəiflətməyə yönəlmiş hökumət tələblərini yerinə yetirmək əvəzinə, bu xidmətləri Britaniya bazarından çıxaracağını bildirmişdi. Şirkət hökumət orqanlarının istifadəçi məlumatlarına giriş əldə etməsi üçün “arxa qapılar” yaratmaq tələbi ilə razılaşmayacağını vurğulamışdı. Kibertəhlükəsizlik ekspertləri isə bildirirlər ki, belə bir giriş nöqtəsi yaradıldıqdan sonra yalnız hökumət deyil, digər zərərli şəxslər və ya hakerlər də bu boşluqlardan istifadə edə bilərlər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Dünya