İlon Maskın AfD-yə dəstəyindən sonra Almaniyada “Tesla” avtomobillərinin satışları xeyli azalıb

post-img

Amerikalı milyarder İlon Maskın ifrat sağçı Almaniya üçün Alternativ Partiyasına (AfD) açıq dəstək verməsindən sonra bu ölkədə “Tesla” avtomobillərinin satışlarında ciddi azalma baş verib.

AZƏRTAC “Deutsche Welle”yə istinadla xəbər verir ki, bu barədə Almaniya Mühərrikli Nəqliyyat İdarəsinin (Kraftfahrt-Bundesamt - KBA) yaydığı məlumatda qeyd olunub.

Avropanın ən böyük avtomobil bazarı olan Almaniyada yanvar ayında cəmi 1277 “Tesla” avtomobili satılıb ki, bu da bir il əvvəlki dövrlə müqayisədə 60 faiz azdır. Eyni vəziyyət Avropa İttifaqında və Böyük Britaniyada da müşahidə edilib. Yanvarda “Tesla”nın satışları Fransada 63 faiz, Birləşmiş Krallıqda 12 faiz azalıb.

Qeyd edək ki, İlon Maskın fevralın 23-də Almaniyada keçiriləcək federal parlament seçkiləri ərəfəsində ifrat sağçı AfD-yə dəstək çağırışı etməsi təkcə bu ölkədə deyil, Avropa İttifaqında da böyük narazılığa səbəb olmuşdu.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Dünya