Qırğızıstanda ekoloji təmiz şəhər tikiləcək

post-img

Qırğızıstan Prezidenti Sadır Japarov ekoloji cəhətdən təmiz Kemin-Siti şəhərinin tikintisi layihəsinin həyata keçirilməsi haqqında fərman imzalayıb. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Sahəsi 353,3 hektar olan şəhər Çuy vilayətinin Kemin rayonunun ərazisində salınacaq.

Sərəncamda qeyd olunub ki, Qırğızıstan Respublikası vətəndaşlarının mənzillə təmin olunması ölkənin sosial-iqtisadi inkişafının mühüm istiqamətlərindən biridir.

Sənədə əsasən, bu problemin həlli əhalinin rifah səviyyəsinə müsbət təsir göstərir, xarici və daxili miqrasiyanın azalmasına kömək edir, ixtisaslı kadrların yerlərdə saxlanmasına şərait yaradır, regionlarda sosial gərginliyin səviyyəsini aşağı salır.

Prezident 2025-ci il iyunun 1-dək ekoloji cəhətdən təmiz Kemin-Siti şəhərinin tikintisi konsepsiyasının işlənib hazırlanmasını və təsdiq edilməsini tapşırıb.

Ekoloji cəhətdən təmiz şəhərin tikintisi üzrə investisiya layihəsinin həyata keçirilməsinə dair investorlarla danışıqların aparılması və müvafiq investisiya sazişinin imzalanması planlaşdırılır.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya