Türkiyə Ordusu Suriyanın inzibati və coğrafi bütövlüyünü, eləcə də Türkiyənin sülh və əmin-amanlığını təhdid edən PKK/PYD/YPG/SDF və İŞİD başda olmaqla bütün terror təşkilatlarına qarşı “önləyici və dağıdıcı tədbirlər” görməyə davam edəcək. Məlumatı XQ “Anadolu”ya istinadən verir.
Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Zeki Aktürk deyib: “Bir daha bildiririk ki, bölgədə heç bir terror qruplaşmasının mövcudluğuna və prosesin bitmiş kimi görünməsi vəziyyətinə imkan verməyəcəyik”.
Nazirlik sözçüsü əlavə edib ki, Ankara yeni administrasiya ilə sıx əməkdaşlıq edərək Suriyanın müdafiə və təhlükəsizliyini gücləndirmək və suriyalıların vətənlərinə könüllü, təhlükəsiz və ləyaqətlə qayıtmasını təmin etmək üçün səylərini davam etdirəcək.
Aktürk bildirib ki, son bir həftə ərzində İraqın şimalında və Suriyada keçirilən antiterror əməliyyatları zamanı Türkiyə hərbçiləri 57 terrorçunu zərərsizləşdiriblər. Onun sözlərinə görə, ilin əvvəlindən zərərsizləşdirilən terrorçuların sayı 278-ə çatıb.
P.ƏMİRCANOV
XQ