BMT-nin Uşaq Fondu - UNICEF-in yeni hesabatına görə, 2024-cü ildə ekstremal hava hadisələri 85 ölkədə 242 milyon uşağın təhsilinə mane olub.
AZƏRTAC xəbər verir ki, təhsildəki fasilələrin əsas səbəbi fizioloji xüsusiyyətlərinə və orqanizmin daha az effektiv uyğunlaşmasına görə uşaqlar üçün xüsusilə təhlükəli olan anormal istilik dövrləri olub.
UNICEF-in icraçı direktoru Ketrin Rassel vəziyyətin ciddiliyini vurğulayaraq bildirib ki, ekstremal temperatur və təbii fəlakətlər şəraitində normal təhsil mümkün deyil. Onun sözlərinə görə, iqlim fəlakətləri bütün səviyyələrdə təhsil müəssisələrinin müvəqqəti bağlanmasına, dərs müddətlərinin məcburi təxirə salınmasına və məktəb infrastrukturunun zədələnməsinə səbəb olub.
Təxminən 128 milyon tələbənin təhsil prosesində fasilələrlə üzləşdiyi Cənubi Asiyada vəziyyət daha ağırdır. Xüsusilə Hindistanda 54 milyon, Banqladeşdə isə 35 milyon uşaq zərər çəkib. UNICEF qlobal istiləşmə fonunda vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırır və bir milyarda yaxın uşağın iqlim fəlakətləri riski yüksək olan bölgələrdə yaşadığını qeyd edir.