Polkovnik: Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı heç bir nəticə verməyəcək

post-img

Ermənistanın baş naziri Nikol Paşinyanın Bakıda məhkəməsi keçirilən erməni separatçılarının guya psixotrop dərmanların təsiri altında ifadə verməsi ilə bağlı açıqlaması gülüncdür və bu, İrəvanın ölkəmizə qarşı növbəti təxribatıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, Paşinyan bu kimi bəyanatlarla məsuliyyətdən yayınmağa çalışır: “Heç kimə sirr deyil ki, məhkəmə prosesinə cəlb edilən erməni separatçılarının hamısı həm işğal zamanı, həm də Vətən müharibəsi günlərində xalqımıza qarşı böyük vəhşiliklər törədiblər. Bu gün məhkəmə qarşısına çıxarılan qondarma rejimin nümayəndələrinin bəd əməlləri hər kəsə bəllidir. Hazırda həmin cinayətlərin hüquqi müstəvidə qiymətləndirilməsi, törətdikləri cinayətlərə görə ədalətli cəzanın müəyyənləşdirilməsi prosesi gedir və Azərbaycan həmin prosesi bütün dünyanın gözü qarşısında, açıq və şəffaf şəkildə həyata keçirir. Paşinyanın məhkəmədə dindirilən separatçıların guya psixotrop dərmanların təsiri altında ifadə verməsi ilə bağlı səsləndirdiyi fikirlər absurddur və onlar ifadələrində törətdikləri cinayətlərin bir çoxunun məhz İrəvanın – Paşinyanın göstərişi ilə həyata keçirdiklərini bildirəcəklər. Bununla da, Paşinyanla bağlı yeni ittihamlar, törətdiyi bəd əməllərlə bağlı əlavə sübut və faktlar ortaya çıxacaq. Məhz həmin prosesi qabaqlamaq, ictimai rəyi çaşdırmaq üçün Paşinyan bu cür sərsəm bəyanatlar verir. Ancaq buna ehtiyac yoxdur. Ermənistanın baş naziri bilməlidir ki, heç bir halda məsuliyyətdən qaça, Azərbaycanın separatçılarla bağlı keçirdiyi şəffaf məhkəmə prosesinə kölgə sala bilməyəcək. Azərbaycan xalqına qarşı cinayət törədənlər mütləq şəkildə məsuliyyətə cəlb olunacaq və layiq olduqları cəzanı alacaqlar”.

Sosial həyat