Rusiya və Çin beynəlxalq məsələlərdə sabitləşdirici rol oynayır. Bunu Rusiya Prezidenti Vladimir Putin Çin sədri Si Cinpinlə videokonfrans vasitəsilə aparılan danışıqlarda deyib.
“Biz münasibətlərimizi dostluq, qarşılıqlı etimad və dəstək, bərabərlik və qarşılıqlı fayda əsasında qururuq. Bu əlaqələr özünü təmin edir və daxili siyasi amillərdən və hazırkı qlobal vəziyyətdən asılı deyil. Onların hərtərəfli gücləndirilməsi Rusiya və Çinin inteqrasiyalı inkişafı və hər iki ölkənin xalqlarının rifahının yaxşılaşdırılması məqsədlərinə tam cavab verir”, - deyə Putin bildirib.
Rusiya Federasiyasının Prezidenti qeyd edib ki, ötən il hər iki ölkə üçün “çox məhsuldar” olub.
“Biz addımlarımızı digər çoxtərəfli platformalarda - Birləşmiş Millətlər Təşkilatı və onun Təhlükəsizlik Şurasında, ŞƏT-də (Şanxay Əməkdaşlıq Təşkilatı), G20-də, APEC-də (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı) əlaqələndiririk. Biz birlikdə daha ədalətli çoxqütblü dünya nizamının qurulmasının tərəfdarıyıq və Avrasiya məkanında və bütövlükdə dünyada bölünməz təhlükəsizliyin təmin edilməsi maraqlarına çalışırıq”, - Putin vurğulayıb.
P.ƏMİRCANOV
XQ