Kallas: Kiyevlə danışıqlar başlamayınca Rusiyaya qarşı sanksiyalar ləğv edilməyəcək

post-img

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bildirib ki, Moskva ilə Kiyev arasında danışıqlar başlamayınca Rusiyaya qarşı sanksiyalar ləğv edilməyəcək. Onun sözlərinə görə, tətbiq edilən məhdudiyyətlər ölkələr arasında hərbi münaqişənin həlli üzrə danışıqlar üçün rıçaq olaraq qalır. Məlumatı “Kommersant” verib. 

“Bizə mütləq sanksiyalar lazımdır. Bu, bizim rıçaqımızdır və ondan imtina etmək çox qəribə olardı. Heç nə dəyişməyib. Putin hədəflərini dəyişməyib. Ona görə də sanksiyaların ləğvi üçün heç bir səbəb yoxdur”, - deyə Kaya Kallas AFP-yə bildirib. Xanım Kallasın əlavə etdiyi kimi, münaqişənin həlli ilə bağlı danışıqlar zamanı sanksiyalar aradan qaldırılarsa, Avropa İttifaqı özünü daha zəif vəziyyətə salacaq.

Yanvarın 17-də Macarıstanın baş naziri Viktor Orban Aİ-ni Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb. O, təklifini Donald Trampın ABŞ prezidenti postuna başlaması ilə əlaqədar “yeni dövrün” gəlişi ilə izah edib.

2022-ci ildə hərbi əməliyyat başlayandan Avropa İttifaqı Rusiyaya qarşı 15 sanksiya paketi qəbul edib. Hazırda 16-cı məhdudiyyətlər paketi hazırlanır. Bloomberg-in məlumatına görə , bu, Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalının tədricən dayandırılmasını, yeni bankların SWIFT sistemindən çıxarılmasını və alüminiumun alınmasına qadağa qoyulmasını əhatə edəcək.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya