LGBT siyasətinin əsas hədəfi ailə institutu və onun müqəddəsliyidir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada “Ailə ili”nin açılış mərasimində çıxışı zamanı deyib. Məlumatı “Anadolu” verib.
Dövlət başçısı uşaqların və gənclərin “ailələri və sosial təməlləri təhdid edən” “azğın ideologiyalardan” qorunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, rəqəmsal platformalar “bilərəkdən, qəsdən, israrla və sistemli şəkildə” LGBT təbliğ edir, “rəqəmsal platformalarda teleseriallar, filmlər, nəşrlər və bir çox digər materiallar çox vaxt mədəni eroziya və şəxsiyyətin aşınması kimi geri dönməz proseslərə səbəb olur. Burada açıq şəkildə görürük ki, LGBT-lərin əsas hədəfi ailə və ailə institutunun müqəddəsliyidir”, – Türkiyə lideri bildirib.
O, həmçinin vurğulayıb ki, Türkiyə BMT Baş Assambleyası da daxil olmaqla “bütün məkanlarda bu atmosferə cəsarətlə qarşı çıxan bir neçə ölkədən biridir. Türkiyənin bu məsələdə mövqeyi bəllidir və biz bundan heç vaxt geri çəkilməyəcəyik”, - deyə prezident Ərdoğan bildirib.
P.ƏMİRCANOV
XQ