Blinken: Rusiya müharibədə dəstək üçün Şimali Koreyaya kosmik texnologiya ötürmək istəyir

post-img

ABŞ dövlət katibi Antoni Blinken Seulda Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul ilə danışıqlardan sonra bildirib ki, Rusiya Ukraynaya qarşı müharibəyə dəstək üçün silah və digər avadanlıqlar müqabilində Şimali Koreyanı özünün qabaqcıl kosmik və peyk texnologiyaları ilə təmin etməyə hazırdır: “Moskvanın qabaqcıl kosmik və peyk texnologiyalarını Pxenyanla bölüşmək niyyətində olduğuna inanmağa əsasımız var”.

Blinken Rusiya və Şimali Koreya arasındakı əməkdaşlığın ABŞ və Cənubi Koreya və Yaponiya kimi əsas müttəfiqləri üçün narahatlıq doğurduğuna diqqət çəkib.

O vurğulayıb ki, Kreml rəhbəri Vladimir Putin “Şimali Koreyanın nüvə proqramını qəbul etməklə onilliklər davam edən siyasəti dəyişməyə yaxın ola bilər”.

"Bu narahatlıq təkcə ABŞ-ın deyil, həm də Koreya və Yaponiyanın diqqət mərkəzindədir",- Blinken əlavə edib.

ABŞ dövlət katibi qeyd edib ki, Şimali Koreyanın Rusiya ilə sıx müttəfiqliyi Hind-Sakit okean regionunda və Avropada təhlükəsizliyin getdikcə daha çox qarşılıqlı əlaqədə olması səbəbindən ABŞ, Cənubi Koreya və Yaponiya, eləcə də NATO ilə təhlükəsizlik sahəsində əməkdaşlığın artırılmasının zəruriliyini təsdiqləyir.

Qeyd edək ki, Blinken Seulda olarkən Şimali Koreya orta mənzilli ballistik raket buraxıb və Cənubi Koreya ordusunun məlumatına görə, 1100 kilometrdən çox şərqə doğru uçaraq dənizə düşüb.

Amerika kəşfiyyat xidmətləri Şimali Koreya qoşunlarının Rusiya Federasiyasında yerləşdirilməsinin Rusiyanın deyil, Şimali Koreyanın ideyası olduğuna inanır.

S.ELAY

XQ

 

Dünya